Monday, October 12, 2026

بئیین موهندیسلیگینه قارشی تورکجه اسکی کیتابلار 514 - درس 07

بئیین موهندیسلیگینه قارشی تورکجه اسکی کیتابلار 514 -  درس 07

https://youtube.com/live/DQvoINYsnms


الیازما بیلیمی — یئددینجی درس

متن قاتلاری، کاتیب مداخیله‌لری و نسبی تاریخله‌ندیرمه

«بئین موحندیسلیگینه قارشی تورکجه اسکی کتابلار» سیلسله‌سی — ۵۱۴-جو برنامه

بوگونکـو درسیمیزده الیازمالارین مختلف یازی قاتلارینی، کاتیبلرین مداخیله‌لرینی، حرکتلرین علاوه اولونما زمانینی و متنـین نسبی تاریخینی آراشدیردیق. اساس مقصدیمیز بیر الیازمادا گؤردویوموز فرقـی تاریخی حقیقت کیمی قبول ائتمه‌دن اؤنجه، اونون سببینی علمی دلیـللرله یوخلاماغی اؤیرنمک ایدی.

۱. مشاهده ایله نتیجه‌نین فرقـی

درسیمیزه بیر فرضی الیازما نمونه‌سی ایله باشلادیق. ۲۰۰ ورقلیک بیر کتابین ایلک ۱۲۰ ورقی حرکتلی، قالان حصه‌سی ایسه حرکتسیز یازیلمیش اولسون. اوندان علاوه، خطین شکلی و مرکبین تونو دا بیر قدر فرقلی گؤرونسون.

بیز بونلاری مشاهده کیمی قئد ائده بیلریک. آنجاق درحال «ایکی مختلف کاتیب یازیبدیر» دئیه بیلمریک.

اوچ احتمال واردیر:

۱. متنـی ایکی مختلف کاتیب یازمیش اولا بیلر.

۲. بیر کاتیب متنـی مختلف زمانلاردا یازمیش اولا بیلر.

۳. اساس متن بیر مرحله‌ده یازیلمیش، حرکتلر ایسه اونون یالنیز بیر حصه‌سینه سونرادان علاوه ائدیلمیش اولا بیلر.

بو احتمallاری بیر-بیریندن آییرماق اوچون مستقل دلیـللر لازیمدیر.

۲. کاتیبین یازی خصوصیتلری

Scribal Hand

کاتیبین یازی خصوصیتلرینی تانیمـاق اوچون حرفلرین شکلینه، قلمین حرکتینه، حرفلرین بیرلشمه‌سینه، کلمه‌لر آراسی مسافه‌یه و قلمین کاغیذا باسقيسینا باخدیق.

خصوصاً کاف، یا، سین، شین، نون و میم کیمی حرفلرین مختلف شکللرینی مقایسه ائتدیک.

آنجاق ائینی کاتیبین یازیسی دا مختلف شرایطده ده‌ییشه بیلر. بونا گؤره بیر خصوصیتین بنزه‌مه‌سی ائینی کاتیبی، فرقلی اولماسی ایسه باشقا کاتیبی قطعی ثابت ائتمیر.

۳. حرکتلرین علاوه اولونماسی

Vocalization

بوندان اؤنجه اوخودوغوموز «نثر ترکی» الیازماسیندا حرکتلرله اساس حرفلرین قلم قالینلیغی آراسیندا بنزرلیک مشاهده ائتمیشدیک.

بو مشاهده‌دن بئله بیر فرضیه قوردوق: حرکتلر اساس متنله ائینی مرحله‌ده یازیلمیش اولا بیلر.

آنجاق ائینی قلم قالینلیغی، ائینی یازی زمانی دئمک دئییلدیر. کاتیب متنـی یازیب، بیر مدت سونرا ائینی قلم یا بنزر قلم ایله حرکتلری علاوه ائتمیش اولا بیلر.

بونا گؤره مرکبین رنگینی، قلم ایزلرینی، حرکتلرین یئرلشمه‌سینی و خطلرین کَسیشمه نقطه‌لرینی مقایسه ائتمه‌لی‌ییک.

۴. نسبی و مطلق تاریخله‌ندیرمه

Relative Chronology

نسبی تاریخله‌ندیرمه بیر یازی مرحله‌سینین باشقاسیندان اؤنجه یا سونرا باش وئردیگینی آراشدیرماقدیر.

Absolute Dating

مطلق تاریخله‌ندیرمه ایسه بیر واقعه‌نین تاریخینی یا ممکن زمانی محدوده‌سینی مؤعیّن ائتمه‌یه چالیشیر.

اگر بیر مالکیت مهری اساس متنـین اوزرینی اؤرتورسه، مهرین متنـدن سونرا قویولدوغونا دلیـل تاپا بیلریک. آنجاق مهرین هانسی ایلده قویولدوغونو بونونلا بیلمه‌ریک.

کاتیب قئدینده تاریخ اولسا بئله، اونون اصالتینی و اساس متنله علاقه‌سینی یوخلاماق لازیمدیر.

۵. اصلاحلار و کنار قئیدلری

Correction

Erasure

Overwriting

Marginalia

الیازمالاردا کلمه‌لر سیلینه، قازینا، اوستوندن یئنی حرف یازیلا یا کناردا دوزلیش وئریله بیلر.

بو مداخیله‌لر اساس کاتیبین اؤزو، باشقا بیر کاتیب یا سونراکی اوخوجو طرفیندن ائدیلمیش اولا بیلر.

کنار قئیدلری ایسه یالنیز متن شرحی دئییلدیر. اونلاردا کتابین مالکیتی، آلیش-ساتیشی، وقف اولونماسی، عائله اوزولرینین دوغوم و اؤلوم تاریخ‌لری و اوخوجولارین شخصی نظری ده قئد ائدیله بیلر.

بو قئیدلر کتابین اجتماعی و علمی تاریخینی آراشدیرماق اوچون اهمیتلیدیر.

۶. عملی تمرین

درسیمیزده ۲۸-جی ورقی حاققیندا آلتی خصوصیت وئریلمیش فرضی بیر الیازمانی آراشدیردیق.

اساس متن قارا مرکبله یازیلمیشدی. بعضی کلمه‌لره قیرمیزی حرکتلر علاوه اولونموشدو. کناردا فارسیجا شرح واردی و اونون خطی اساس متنـدن فرقلی گؤرونوردو. بیر کلمه‌نین اوزرینه یئنی حرف یازیلمیشدی. ورقده تاریخلی قئد یوخ ایدی.

من بو نمونه‌ده دؤرد یازی عملیاتی آییرد ائتدیم. آنجاق اونلارین دؤرد آیری زمانی مرحله اولدوغونو قطعی سؤیله‌مه‌دیم.

سونرا حرفلرین شکلینی، قلمین حرکتینی، مرکبین تونو و متنـین داخلی علاقه‌لرینی مقایسه ائتمک لازیم اولدوغونو ایضاح ائتدیم.

۷. «مخزن‌الاسرار» اوزرینه مشاهده

درسین سونوندا «مخزن‌الاسرار» الیازماسی‌نین بیر صفحه‌سینی اینجه‌له‌دیک.

صفحه‌ده یوخاری حصه‌نین اوزون سطرلری ایله آشاغیداکی کیچیک یازی بلوکلاری آراسیندا ترتیب فرقـی مشاهده ائتدیک. کاغیذدا لکه‌لر، صفحه‌ده ایسه مختلف مهر و قئیدلر گؤرونوردو.

بونلار الیازمانین فیزیکی و ایستیفاده تاریخینی آراشدیرماق اوچون اهمیتلی مشاهده‌لردیر. آنجاق یالنیز بیر صفحه‌نین عکسینه باخاراق کاتیبلرین سایینی یا کتابین تاریخینی قطعی مؤعیّن ائتمک اولماز.

۸. علمی اینگیلیسجه تمرینی

I observe a change in the handwriting.

من خطده بیر ده‌ییشیکلیک مشاهده ائدیرم.

The vocalization may have been added later.

حرکتلر سونرادان علاوه ائدیلمیش اولا بیلر.

The evidence is not sufficient to identify a different scribe.

بو دلیـللر باشقا بیر کاتیبین اولدوغونو مؤعیّن ائتمک اوچون کافی دئییلدیر.

We need to compare the ink, pen strokes, and letter forms.

مرکبی، قلم ایزلرینی و حرفلرین شکللرینی مقایسه ائتمه‌لی‌ییک.

The evidence suggests two writing stages, but this remains a hypothesis.

دلیـللر ایکی یازی مرحله‌سینه ایشاره ائدیر، آنجاق بو هله بیر فرضیه‌دیر.

۹. اؤز ایشیمه تنقیدی باخیش

بوگونکـو درسده ان گوجلو طرفیم مشاهده ایله نتیجه‌نی بیر-بیریندن آییرماغا چالیشماغیم ایدی. مختلف خط، حرکت و مرکب خصوصیتلرینی گؤرمه‌کله کیفایتلنمه‌ییب، اونلارین سبب‌لرینی آراشدیرماغا چالیشدیم.

آنجاق بیر نئچه مسئله‌ده داها احتیاطلی اولمالییام.

بیرینجیسی، مختلف یازی عملیاتی‌نی ضروراً مختلف زمانی مرحله حساب ائتمه‌مه‌لی‌یَم.

ایکینجیسی، مستقل آماری اساس اولمادان «۸۰ فیصد احتمال» کیمی عددلر وئرمه‌مه‌لی‌یَم.

اوچونجوسو، بیر قئدین یا مهرین تاریخینی الیازمانین یازیلمه تاریخی ایله قاریشدیرمامالییام.

دؤردونجوسو، مرکبلرین کَسیشمه ترتیبینی و قلم باسقيسینی یالنیز عکسدن همیشه مؤعیّن ائده بیلمه‌یه‌جه‌ییمی نظر‌ده ساخلامالییام.

بوگونکـو درسین اساس نتیجه‌سی بودور: بیر فرقـی مشاهده ائتمک، بیر تاریخی حادثه‌نی ثابت ائتمک دئییلدیر.



Əlyazmaşünaslıq: Mətn qatları, katib müdaxilələri və nisbi tarixləndirmə

“Beyin mühəndisliyinə qarşı Türkcə Əski Kitablar” — 514-cü proqram, 7-ci dərs

Bugünkü dərsimizdə əlyazmaların müxtəlif yazı qatlarını, katib müdaxilələrini, hərəkələrin əlavə olunma zamanını və mətnin nisbi tarixini araşdırdıq. Məqsədimiz əlyazmada müşahidə etdiyimiz fərqləri dərhal tarixi nəticəyə çevirmədən, onların mümkün səbəblərini elmi dəlillərlə yoxlamağı öyrənmək idi.

Müşahidədən nəticəyə

Dərsimizə 200 vərəqlik fərzi bir əlyazma nümunəsi ilə başladıq. Təsəvvür etdik ki, kitabın ilk 120 vərəqi hərəkəli, sonrakı hissəsi isə hərəkəsiz yazılıb. Bundan əlavə, xəttin zahiri görünüşündə və mürəkkəbin tonunda müəyyən fərqlər var.

Bu xüsusiyyətləri müşahidə kimi qeyd edə bilərik. Lakin onların əsasında dərhal iki müxtəlif katibin işlədiyini söyləmək düzgün olmaz.

Ən azı üç ehtimalı nəzərdən keçirməliyik: mətni iki müxtəlif katib köçürmüş ola bilər; bir katib onu müxtəlif zamanlarda yazmış ola bilər; yaxud əsas mətn bir mərhələdə yazıldığı halda hərəkələr yalnız müəyyən hissələrə sonradan əlavə edilmiş ola bilər.

Bu ehtimalları yoxlamaq üçün müstəqil dəlillərə ehtiyacımız var.

Katibin yazı xüsusiyyətlərini necə müəyyən edirik?

Scribal Hand — Katibin yazı xüsusiyyətləri

Katibin yazı xüsusiyyətlərini araşdırarkən hərflərin formasına, qələmin hərəkətinə, hərflərin birləşməsinə, sözlər arasındakı məsafəyə və qələmin kağız üzərində qoyduğu izlərə diqqət etdik.

Xüsusilə kaf, ya, sin, şin, nun və mim kimi hərflərin müxtəlif məqamlarda necə yazıldığını müqayisə etmək əhəmiyyətlidir.

Bununla belə, eyni katib müxtəlif şəraitlərdə fərqli yaza bilər. Yazı sürəti, qələmin ucu, mürəkkəb, fiziki yorğunluq və başqa amillər xəttə təsir göstərə bilər.

Buna görə bir neçə hərfin oxşarlığı iki mətnin mütləq eyni katib tərəfindən yazıldığını sübut etmədiyi kimi, zahiri fərqlər də mütləq iki katibin mövcudluğunu göstərmir.

Hərəkələr nə zaman əlavə edilib?

Vocalization — Hərəkələndirmə

Əvvəlki dərslərimizdə oxuduğumuz “Nəsrü Türki” əlyazmasında hərəkələrin qalınlığı ilə əsas hərflərin qələm izləri arasında oxşarlıq müşahidə etmişdik.

Bundan belə bir fərziyyə irəli sürmüşdüm: əsas mətnlə hərəkələr eyni yazı mərhələsində meydana gəlmiş ola bilər.

Bu, yoxlanmağa dəyər bir fərziyyədir. Ancaq eyni qələm qalınlığı mütləq eyni yazı zamanı demək deyil. Katib mətni yazdıqdan müəyyən müddət sonra eyni və ya oxşar qələmlə ona hərəkələr əlavə etmiş ola bilər.

Bunu araşdırmaq üçün mürəkkəbin tonunu, qələm izlərini, hərəkələrin yerləşməsini və hərflərlə kəsişmə nöqtələrini müqayisə etməliyik.

Hansı mürəkkəb qatının üstə olduğunu müəyyən etmək bəzi hallarda mümkündür. Lakin adi rəqəmsal fotoşəkil bunun üçün həmişə kifayət etmir.

Nisbi və mütləq tarixləndirmə

Relative Chronology — Nisbi xronologiya

Nisbi tarixləndirmə bir yazı mərhələsinin digərindən əvvəl, yaxud sonra baş verdiyini müəyyənləşdirməyə çalışır.

Absolute Dating — Mütləq tarixləndirmə

Mütləq tarixləndirmədə isə müəyyən bir tarix və ya mümkün tarix aralığı axtarılır.

Məsələn, kitabın üzərindəki mülkiyyət möhürü əsas mətnin müəyyən hissəsini örtürsə, möhürün mətnin yazılmasından sonra vurulduğunu düşünmək üçün əsas yarana bilər. Lakin bu, möhürün hansı ildə vurulduğunu göstərmir.

Eyni şəkildə, əlyazmanın sonundakı tarixli katib qeydi də ayrıca yoxlanmalıdır. Həmin qeydin orijinal olub-olmadığını və əsas mətnlə əlaqəsini müəyyənləşdirmək vacibdir.

Əvvəlki dərslərdə öyrəndiyimiz iki termin burada yenidən əhəmiyyət qazanır:

Terminus post quem — Hadisənin baş verə biləcəyi ən erkən tarix həddi.

Terminus ante quem — Hadisənin baş verə biləcəyi ən gec tarix həddi.

Bu terminlərdən istifadə edərkən hansı hadisəni tarixləndirdiyimizi dəqiq göstərməliyik: kağızın hazırlanmasını, mətnin köçürülməsini, mülkiyyət qeydini, yoxsa başqa bir müdaxiləni.

Mətn düzəlişləri və kənar qeydləri

Əlyazmalarda katiblər və sonrakı oxucular müxtəlif müdaxilələr etmiş ola bilərlər.

Correction — Düzəliş və ya islah.

Erasure — Yazının silinməsi və ya qazınması.

Overwriting — Mövcud yazının üzərinə yenidən yazılması.

Marginalia — Kənar qeydləri.

Bəzi hallarda katib səhv yazdığı sözü silir, üzərindən xətt çəkir və ya düzgün variantını səhifənin kənarında qeyd edir.

Lakin belə düzəlişlərin hamısını əsas katibə aid etmək olmaz. Onları başqa bir katib, redaktor və ya kitabın sonrakı oxucusu etmiş ola bilər.

Bu məsələdə yalnız xəttin və mürəkkəbin fərqini deyil, mətnin mənasını da yoxlamalıyıq. Məsələn, dəyişdirilmiş bir ifadənin əvvəlki variantı əsərin başqa hissələrində qorunmuş ola bilər.

Belə mətnlərarası müqayisələr müdaxilənin xarakterini anlamağa kömək edə bilər. Ancaq mənaca uyğunsuzluq təkbaşına qəsdən dəyişiklik edildiyini sübut etmir.

Kənar qeydləri isə əlyazmanın yalnız mətn tarixini deyil, sosial tarixini də işıqlandıra bilər. Kitabların kənarlarında mülkiyyət qeydləri, alış-satış məlumatları, vəqf qeydləri, şəxsi düşüncələr, ailə üzvlərinin doğum və ölüm tarixləri yazılmış ola bilər.

Bu qeydlər əsas əsərin bir hissəsi olmasa da, kitabın sonrakı həyatını öyrənmək üçün mühüm mənbələrdir.

28-ci vərəq üzərində əməli məşğələ

Dərsimizdə fərzi bir əlyazmanın 28-ci vərəqini araşdırdıq.

Nümunəyə əsasən, səhifədə qara mürəkkəblə yazılmış əsas mətn, qırmızı hərəkələr, farsca kənar şərhi və bir sözün üzərinə qara mürəkkəblə əlavə edilmiş yeni hərf var idi. Farsca şərhin xətti əsas mətndən fərqli görünürdü. Səhifədə tarixli qeyd yox idi.

Mən burada dörd ayrı yazı əməliyyatını müəyyənləşdirdim: əsas mətnin yazılması, hərəkələrin qoyulması, kənar şərhin əlavə edilməsi və bir hərfin sonradan yazılması.

Lakin sonrakı müzakirədə bu dörd əməliyyatın mütləq dörd ayrı zaman mərhələsi olmadığını qəbul etdik.

Eyni katib bir neçə əməliyyatı eyni zamanda yerinə yetirmiş ola bilər. Həmçinin fərqli görünən kənar şərhi də əsas katibin sonrakı yazısı ola bilər.

Burada əsas elmi nəticə budur: yazı əməliyyatlarının sayı ilə müstəqil tarixi mərhələlərin sayı eyni anlayış deyil.

“Məxzənül-əsrar” əlyazması üzərində müşahidə

Dərsimizin sonunda “Məxzənül-əsrar” əlyazmasının bir səhifəsini açaraq əvvəlki nəzəri biliklərimizi tətbiq etməyə çalışdıq.

Səhifənin yuxarı hissəsində uzun və nisbətən sərbəst yerləşdirilmiş sətirlər, aşağı hissəsində isə kiçik yazı blokları müşahidə etdik. Bəzi sözlərin maili yazıldığını, mürəkkəb tonlarının və xəttin görünüşünün müəyyən fərqlər göstərdiyini qeyd etdik.

Səhifədə möhürlər və başqa işarələr də görünürdü.

Bunlar araşdırılmağa dəyər xüsusiyyətlərdir. Ancaq bir səhifənin fotoşəkli əsasında müxtəlif katiblərin sayını və yazı mərhələlərinin tarixini qəti müəyyənləşdirmək mümkün deyil.

Bu mərhələdə müşahidələrimizi qeyd edib daha çox səhifə, müqayisəli nümunə və fiziki dəlil toplamaq daha düzgün yanaşmadır.

Elmi ingilis dili üzrə məşğələ

Bu gün aşağıdakı beş cümləni öyrəndik.

1. I observe a change in the handwriting.

Mən xəttdə bir dəyişiklik müşahidə edirəm.

2. The vocalization may have been added later.

Hərəkələr sonradan əlavə edilmiş ola bilər.

3. The evidence is not sufficient to identify a different scribe.

Bu dəlillər başqa bir katibin olduğunu müəyyənləşdirmək üçün kifayət deyil.

4. We need to compare the ink, pen strokes, and letter forms.

Biz mürəkkəbi, qələm izlərini və hərflərin formalarını müqayisə etməliyik.

5. The evidence suggests two writing stages, but this remains a hypothesis.

Dəlillər iki yazı mərhələsinə işarə edir, lakin bu hələ fərziyyədir.

Bu cümlələr xüsusilə elmi müzakirələrdə ehtimal və qəti nəticəni bir-birindən ayırmaq baxımından faydalıdır.

Öz fəaliyyətimin tənqidi qiymətləndirilməsi

Bugünkü dərsdə ən müsbət cəhətim müşahidə ilə nəticəni ayırmağa çalışmaq idi. Əlyazmada fərqli xətt, mürəkkəb və hərəkə xüsusiyyətləri gördükdə bunları dərhal müxtəlif katiblərə aid etmək əvəzinə, alternativ izahlar axtardım.

Digər müsbət cəhətim əvvəlki əlyazma təcrübələrimi yeni öyrəndiyim nəzəri anlayışlarla əlaqələndirməyim idi. “Nəsrü Türki”, “Xosrov və Şirin” və “Məxzənül-əsrar” üzərindəki müşahidələr bu baxımdan faydalı nümunələr oldu.

Bununla yanaşı, bəzi yanaşmalarımı təkmilləşdirməliyəm.

Əvvəla, fərqli yazı əməliyyatlarını ayrı-ayrı tarixi mərhələlər kimi qəbul etməkdə ehtiyatlı olmalıyam. Dörd əməliyyatın mövcudluğu dörd müstəqil yazı dövrünün sübutu deyil.

İkincisi, müəyyən dəlillərin gücünü ifadə edərkən əsaslandırılmamış faizlərdən istifadə etməməliyəm. Məsələn, “80 faiz ehtimalla eyni katibdir” demək əvəzinə, dəlillərin güclü, zəif və ya qeyri-kafi olduğunu göstərmək daha elmi yanaşmadır.

Üçüncüsü, kitabxana nömrələrini, mülkiyyət qeydlərini və katib tarixlərini bir-birindən ayırmalıyam. Əlyazmanın üzərində görünən hər rəqəm onun köçürülmə tarixi deyil.

Dördüncüsü, bir müdaxilənin qəsdən edildiyini yalnız mətnin mənasına əsaslanaraq müəyyənləşdirməməliyəm. Belə nəticələr paleoqrafik, kodikoloji və mətnşünaslıq dəlillərinin birlikdə yoxlanmasını tələb edir.

Nəhayət, yüksək keyfiyyətli fotoşəkillərin belə bəzi fiziki xüsusiyyətləri tam göstərmədiyini nəzərə almalıyam. Qələm basqısını, mürəkkəb qatlarının ardıcıllığını və kağızın bəzi xüsusiyyətlərini müəyyən etmək üçün əlavə texniki müayinə tələb oluna bilər.

Nəticə

Yeddinci dərsimizdə üç əsas dəlil qrupunu birlikdə qiymətləndirməyi öyrəndik: paleoqrafik dəlillər — xətt və hərflərin xüsusiyyətləri; kodikoloji dəlillər — kağız, mürəkkəb və əlyazmanın fiziki quruluşu; mətnşünaslıq dəlilləri — sözlər, terminlər, şərhlər və mətnin daxili əlaqələri.

Bu üç sahənin dəlilləri bir-birini təsdiqlədikdə elmi nəticəmiz daha güclü olur.

Bugünkü dərsin əsas qaydası isə belədir:

Bir fərqi müşahidə etmək, bir tarixi hadisəni sübut etmək demək deyil.

Əlyazmaşünasın vəzifəsi yalnız fərqləri görmək deyil, həmin fərqlərin mümkün səbəblərini araşdırmaq, alternativ ehtimalları yoxlamaq və nəticəni yalnız dəlillərin imkan verdiyi səviyyədə ifadə etməkdir.





Sunday, October 11, 2026

بئیین موهندیسلیگینه قارشی تورکجه اسکی کیتابلار 513

 بئیین موهندیسلیگینه قارشی تورکجه اسکی کیتابلار 513


513-cü bölüm: Nəsr-i Türkî — İnsan, ibadət və mənəvi kamillik haqqında qədim türkcə əlyazma

Beyin Mühəndisinə Qarşı Türkcə Əski Kitablar — 11 oktyabr 2026

Bu gün Süleymaniyyə Kitabxanasında saxlanan, hələlik Nəsr-i Türkî adı ilə qeyd etdiyimiz qədim türkcə bir əlyazmanı oxuduq. Kitabxana möhüründə 7801 rəqəmi görünür. Əsərin müəllifi, yazılma tarixi və tam adı hələ müəyyənləşdirilməyib.

Əlyazma ilk baxışda dini nəsihət kitabına bənzəyir. Ancaq oxuduqca gördük ki, müəllif insanın mahiyyəti, nəfsin tərbiyəsi, ibadətlərin mənası və ilahi mərifət haqqında ardıcıl bir düşüncə sistemi qurmağa çalışır.

Şəriətdən həqiqətə gedən yol

Müəllif insanın zahiri və batini aləmləri arasında əlaqə qurur. Onun təsvirində şəriət bir açara bənzəyir. Bu açarın beş dişi İslamın beş əsas rüknüdür: şəhadət, namaz, oruc, zəkat və həcc.

Açarın dişləri yerində olmadıqda qapı açılmadığı kimi, müəllifə görə, ibadətlərin də insanın mənəvi inkişafında bir-birini tamamlayan vəzifələri vardır.

Burada şəriət yalnız zahiri qaydalar toplusu deyil. O, insanı təriqət və həqiqət mərtəbələrinə hazırlayan bir başlanğıcdır.

Namazın hərəkətlərində insanın yaranış mərtəbələri

Əsərin ən maraqlı bölümlərindən biri namazın hərəkətlərinə verilən mənalardır.

Müəllif səcdəni nəbatat, rükunu heyvanlıq, qiyamı isə insanlıq mərtəbəsi ilə əlaqələndirir.

Bitkinin kökü torpağa bağlıdır və qida həmin kök vasitəsilə başqa hissələrə çatdırılır. Müəllif səcdə edən insanın başını yerə qoymasını bu vəziyyətə bənzədir.

Heyvanların bədən quruluşunda belin əyilmiş vəziyyətini rüku ilə müqayisə edir. İnsanın dik dayanmasını isə qiyamın rəmzi mənası kimi göstərir.

Beləliklə, səcdədən qiyama doğru hərəkət insanın varlıq mərtəbələri arasında yüksəlişini ifadə edir.

Ancaq müəllif bununla kifayətlənmir. Qiyamdan rükuya və səcdəyə enməyi də mənəvi baxımdan izah edir. İnsan dik duruşla əlaqələndirilən təkəbbürdən uzaqlaşmalı, rükuda təvazö göstərməli, səcdədə isə öz acizliyini dərk etməlidir.

Bu təsvir müasir bioloji təkamül nəzəriyyəsi deyil. Onu müəllifin yaşadığı dövrün fəlsəfi və təsəvvüfi düşüncəsi daxilində araşdırmaq lazımdır.

Oruc, zəkat və həcc

Müəllif orucu insanın heyvani ehtiyaclarını məhdudlaşdırması və mənəvi sifətlərini gücləndirməsi kimi izah edir. Mələklərin yeməkdən deyil, təsbih və təqdisdən bəhrələnməsi haqqında dini təsəvvürlərə müraciət edir.

Zəkat bölümündə isə insanın toplamaq və özündə saxlamaq meylinə diqqət yetirir. Vermək, onun düşüncəsində, yalnız malın başqasına çatdırılması deyil, nəfsin təmizlənməsidir.

Həcc isə insanın mənəvi mənşəyinə qayıdışının rəmzi kimi təqdim olunur. Müəllif oxucuya birbaşa müraciət edərək onu heyvani ehtiraslardan, mənəvi əsarətdən və dünyanın aldadıcı bağlılıqlarından uzaqlaşmağa çağırır.

Beləliklə, beş ibadət insanın mənəvi tərbiyəsini izah edən bütöv bir sistemin hissələrinə çevrilir.

İnsan niyə başqa varlıqlardan fərqlənir?

Əlyazmanın son görünən hissələrində müəllif insanın digər varlıqlardan nə üçün üstün bir məsuliyyət daşıdığını soruşur.

Bu sualı cavablandırmaq üçün Əhzab surəsinin 72-ci ayəsindəki əmanət anlayışına müraciət edir.

Onun izahına görə, insanın nəfsi bir güzgü kimi yetişdirilə bilər. Bu güzgüdə ilahi sifətlərin təcəllisi görünər.

Müəllifin məqsədi insanın sadəcə maddi varlıq olmadığını göstərməkdir. İnsan öz nəfsini tərbiyə etməklə mərifətə və mənəvi kamilliyə doğru irəliləyə bilər.

Təəssüf ki, əlimizdəki rəqəmsal surətdə mətn məhz bu mübahisənin davamında yarımçıq qalır.

Əlyazmanın dili və yazı xüsusiyyətləri

Bugünkü oxunuşumuz yalnız məzmunla məhdudlaşmadı. Əlyazmanın paleoqrafik və kodikoloji xüsusiyyətlərini də araşdırdıq.

Mətnin müxtəlif yerlərində «göyül», «kəndüyi», «ulaşdırmaq», «yeyləmək» və başqa qədim türkcə söz və formalarla qarşılaşdıq. Bunların bir qismi müasir türk dillərində yaşayır, bir qismi isə məna və istifadə baxımından dəyişmişdir.

Katib bəzən sətrin sonuna çatmaq üçün hərfləri uzadır, sözləri sıxışdırır və hərflərin quruluşunu dəyişdirir. Bəzi sözlərin yazılışında bu müdaxilələr xüsusilə aydın görünür.

Əlyazmada «5» rəqəminə bənzəyən bir işarə dəfələrlə təkrarlanır. İlk müşahidələrimiz onun boş yerləri doldurmaq üçün istifadə edildiyini göstərirdi. Lakin sonrakı səhifələrdə həmin işarənin farsca şeir misralarını, Quran sitatlarını və mətn hissələrini ayırmaq üçün də işlədilə biləcəyini gördük.

Buna görə işarənin yalnız bir funksiyası olduğunu söyləmək hələ tezdir.

Digər mühüm məsələ eyrabların istifadəsidir. Bəzi səhifələrdə eyrablı və eyrabsız sətirlər yanaşı yerləşir. Hərflərin quruluşunu, qələmin hərəkətini və yazı üslubunu müqayisə etdikdə bunların eyni katibə aid olması ehtimalı ortaya çıxır. Ancaq bunu təsdiqləmək üçün səhifələrin daha ətraflı vizual müqayisəsi lazımdır.

Quran ayələrini və hədisləri təqdim edən bəzi ifadələr də əsas mətndən fərqli mürəkkəb və ya qələmlə yazılmış kimi görünür. Bunların sonradan əlavə edilib-edilmədiyi hələ açıq sualdır.

Əsərin əvvəli və sonu haradadır?

Əlyazmanın başlanğıcında bəsmələ görünmür. Mətn «Əlhəmdülillahi...» ifadəsi ilə başlayır. Bu, əsərin əvvəlindən müəyyən hissənin itməsi ehtimalını yaratsa da, təkbaşına sübut sayılmır.

Sonunda isə daha ciddi problem var. Mətn cümlənin ortasında dayanır. Görüntüdə sonrakı vərəqlərin mövcudluğuna işarə edən izlər seçilsə də, onların yazılı olub-olmadığını bilmirik.

Buna görə əsərin natamam olduğunu deyil, bizim oxuduğumuz rəqəmsal surətin mətnin tam sonunu göstərmədiyini söyləmək daha dəqiqdir.

Bu məsələni aydınlaşdırmaq üçün kitabxananın kataloqu və mümkün olduqda əlyazmanın özü yoxlanmalıdır.

Bugünkü dərsdən çıxardığımız nəticə

Bu oxunuş bizə bir daha göstərdi ki, qədim əlyazmanı araşdırmaq yalnız hərfləri tanıyıb cümlələri oxumaq deyil.

Əvvəlcə nə gördüyümüzü müəyyənləşdirməliyik. Sonra həmin müşahidələrdən ehtimallar qurmalı, onları başqa dəlillərlə yoxlamalı və yalnız bundan sonra nəticəyə gəlməliyik.

Bir işarənin mənasını, bir sözün oxunuşunu, bir mürəkkəbin rəngini və ya bir vərəqin yoxluğunu dərhal qəti hökmə çevirmək elmi araşdırmanı zəiflədir.

Bu gün oxuduğumuz əsər insanın maddi aləmdən mənəvi kamilliyə doğru yolunu təsvir edirdi. Biz də həmin əsəri araşdırarkən başqa bir yol keçdik: sadə oxunuşdan müşahidəyə, müşahidədən müqayisəyə, müqayisədən elmi suala doğru.

513-cü bölümün ən mühüm nəticəsi budur: yaxşı əlyazma tədqiqatı yalnız cavab tapmaq deyil, hansı sualın hələ cavabsız qaldığını dəqiq bilməkdir.

Növbəti bölüm: 514 — Əlyazmaşünaslıq üzrə 7-ci dərs.



Thursday, October 8, 2026

بئیین موهندیسلیگینه قارشی تورکجه اسکی کیتابلار 512

 بئیین موهندیسلیگینه قارشی تورکجه اسکی کیتابلار 512

https://youtube.com/live/80cUWJOLzmw



512-ci bölüm: Bir Osmanlı türkcəsi əlyazmasının kodikoloji və paleoqrafik araşdırılması


Əlyazmanın fiziki quruluşu, yazı xüsusiyyətləri və mətnin yaranma mərhələləri

8 oktyabr 2026

Bugünkü «Beyin Mühəndisliyinə Qarşı Türkcə Əski Kitablar» proqramının 512-ci bölümündə Osmanlı türkcəsində yazılmış, dini-əxlaqi və təsəvvüfi məzmun daşıyan bir əlyazmanı araşdırdıq. Əsas məqsədimiz kitabın mətnini oxumaqdan əvvəl onun fiziki quruluşunu, yazı xüsusiyyətlərini, vərəqlənməsini, sonradan edilmiş əlavələri və mümkün katib dəyişikliklərini müəyyənləşdirmək idi.

Araşdırma zamanı əlyazmanın təxminən 30 vərəqlik hissəsini nəzərdən keçirdik. Kodikologiya, paleoqrafiya və mətnşünaslıq üzrə əvvəlki dərslərdə öyrəndiyimiz üsulları bu dəfə konkret əlyazma üzərində tətbiq etdik.

1. Əlyazmanın fiziki quruluşu və vəziyyəti

Əlyazma kiçik ölçülü, köhnəlmiş və müxtəlif dövrlərdə fiziki müdaxilələrə məruz qalmış bir kitabdır. Şəkillərdə onun cildinin ciddi şəkildə aşındığı, kağızın kənarlarında qopmalar, qatlanmalar, ləkələr və suyun təsirinə bənzəyən izlər olduğu görünür.

Xüsusilə kitabın şirazə hissəsində, yəni vərəqlərin birləşdiyi yerdə köhnəlmə və təmir izləri müşahidə etdik. Bəzi vərəqlərdə tikiş yerləri açıq görünür. Digər yerlərdə isə kağızın yapışdırılaraq möhkəmləndirilməsinə bənzəyən müdaxilələr vardır.

F29–F30 ətrafında təmir izləri daha diqqətçəkicidir. Bununla belə, həmin müdaxilələrin neçə ayrı mərhələdə aparıldığını yalnız şəkillərə əsaslanaraq müəyyənləşdirmək mümkün deyil.

Kitabın başlanğıcında və müxtəlif vərəqlərində kağızın rəngində fərqlər müşahidə olunur. Bəzi qarşı-qarşıya duran səhifələrdən biri daha açıq, digəri isə daha tünd görünür. Bu fərqlər kağızın hazırlanması, saxlanma şəraiti, rütubət və ya sonrakı müdaxilələrlə əlaqədar ola bilər.

2. İki ayrı vərəq nömrələnməsi

Bugünkü araşdırmanın maraqlı nəticələrindən biri əlyazmada iki fərqli nömrələnmə sisteminin müəyyənləşdirilməsi oldu.

Birinci sistem ərəb rəqəmləri ilə, ikinci sistem isə sonradan qələmlə yazılmış müasir rəqəmlərlə göstərilmişdir.

Şəkillərdə, məsələn, bir səhifənin yuxarı küncündə əski rəqəmlə ۲۷, onun yaxınlığında isə müasir qələmlə 28 yazıldığını görürük.

Bu fərq kitabın müxtəlif dövrlərdə yenidən nömrələndiyini göstərir.

Əvvəlki nömrələnmədə başlanğıc vərəqlərindən birinin hesaba alınmaması ehtimalı vardır. Ancaq bunu təsdiqləmək üçün bütün vərəqlərin ardıcıllığını ayrıca yoxlamaq lazımdır.

Burada mühüm metodoloji məsələ də ortaya çıxdı: Nömrələnmənin köhnə görünməsi onun mütləq katib tərəfindən yazıldığını sübut etmir. Mürəkkəbin rəngi, yazı üslubu və nömrələrin yerləşməsi birlikdə müqayisə edilməlidir.

3. Nəsx xəttinin paleoqrafik xüsusiyyətləri

Əlyazmanın əsas mətni nəsx xəttinin xüsusiyyətlərini daşıyır.

Bugünkü məşqdə xüsusilə qaf, lam, nun, dal və re hərflərinin quruluşunu araşdırdıq.

Qaf hərfinin bəzi nümunələrində gövdə kiçik və qövsvari, digər nümunələrində isə daha uzun görünür. Lam hərfi ilə birləşdikdə qafın forması dəyişir. Bəzi nümunələrdə hərfin gövdəsi ilə qonşu hərfin qələm hərəkətini bir-birindən ayırmaq çətinləşir.

Nun hərfinin son formalarında isə daha çox sabitlik müşahidə etdik. Hərfin aşağı enən hissəsi və son qövsü bir çox yerdə oxşar şəkildə təkrarlanır.

Bu müqayisələr zamanı bir məsələni öyrəndik: eyni hərfin müxtəlif görünməsi mütləq katibin dəyişməsi demək deyil. Hərfin sözün əvvəlində, ortasında və sonunda yerləşməsi, qonşu hərflərlə birləşməsi, qələmin bucağı və yazı sürəti də onun formasına təsir edir.

Buna görə katibin dəyişməsi haqqında hökm vermək üçün təkcə bir hərfə deyil, bir neçə hərfin təkrarlanan xüsusiyyətlərinə baxmaq lazımdır.

4. Fərqli mürəkkəblə yazılmış ifadələr

Əlyazmanın ən diqqətçəkici xüsusiyyətlərindən biri bəzi söz və ifadələrin əsas mətndən fərqli rəng və xətt xüsusiyyətləri ilə yazılmasıdır.

Məsələn, müxtəlif vərəqlərdə «Qaləllah», «Əl-hədis», «Pəs», «Buyurmuşlardır» və başqa ifadələrin ətrafındakı yazılardan fərqləndiyini müşahidə etdik.

Xüsusilə F16v–F19v arasında bu hadisə bir neçə dəfə təkrarlanır.

İlk baxışda həmin yerlərin boş buraxıldığı və sonradan doldurulduğu təsəvvürü yaranır. Lakin eyni xüsusiyyətin kitab boyunca təkrarlanması başqa ehtimalı da ortaya çıxarır: katib müəyyən ifadələr üçün əvvəlcədən yer saxlamış, həmin ifadələr isə sonrakı yazı mərhələsində əlavə edilmiş ola bilər.

Burada iki ehtimalı ayırmaq lazımdır:

Birincisi, eyni katibin fərqli vaxtda və fərqli mürəkkəblə yazmasıdır.

İkincisi, başqa bir şəxsin həmin yerləri tamamlamasıdır.

Hələlik hansı ehtimalın doğru olduğunu müəyyənləşdirməmişik.

Əsas nəticəmiz budur ki, mürəkkəb fərqi ilə əl fərqi eyni anlayış deyil.

5. Beş rəqəminə bənzəyən işarələr və mətnin təşkili

Əlyazmanın müxtəlif yerlərində ərəb rəqəmi ilə ۵ şəklinə bənzəyən kiçik dairəvi işarələr görünür.

Bu işarələr bəzən cümlələrin arasında, bəzən ifadələrin əvvəlində və sonunda, bəzən də boş qalmış yerlərin ortasında yerləşdirilmişdir.

Məsələn, «Allahu Əkbər» və «Xacə əleyhissəlam» kimi ifadələrin ətrafında oxşar işarələrin işlədilməsi onların mətnin müəyyən hissələrini ayırmaq funksiyası daşıya biləcəyini düşündürür.

Lakin həmin işarələri müasir dırnaq işarələri ilə eyniləşdirmək doğru olmaz.

Onlar mətn ayırıcıları, fasilə nişanları və ya başqa yazı ənənəsinin elementləri ola bilər.

Bu məsələnin həlli üçün işarələrin bütün əlyazma boyunca hansı mətn vahidlərindən sonra gəldiyini araşdırmaq lazımdır.

6. Təqibələr və vərəqlərin ardıcıllığı

Bugünkü araşdırmada təqibələrə də xüsusi diqqət yetirdik.

Təqibə — vərəqin sonunda yazılan və növbəti vərəqin başlanğıcını göstərən söz və ya söz hissəsidir.

Əlyazmada bəzi təqibələr tam söz şəklində, digərləri isə yalnız bir və ya iki hərflə verilmişdir.

Bu xüsusiyyət kitabın vərəqlərinin düzgün ardıcıllıqla yerləşdirilib-yerləşdirilmədiyini yoxlamaq baxımından əhəmiyyətlidir.

Bəzi yerlərdə təqibələrin qismən silindiyini də müşahidə etdik.

Bununla belə, təqibənin yalnız bir neçə hərfdən ibarət olması mütləq sonradan silinmə nəticəsi deyil. Bu, katibin öz yazı üsulu da ola bilər.

7. F27v–F28r keçidində diqqətçəkici dəyişiklik

Bugünkü araşdırmanın ən mühüm paleoqrafik məsələlərindən biri F27v ilə F28r arasındakı keçiddə ortaya çıxdı.

Əlyazmanın əvvəlki hissələrində mətn geniş şəkildə hərəkələndirilmişdir. F28r-də isə bir neçə sətirdə hərəkələrin yoxluğu və yazının görünüşündə dəyişiklik müşahidə olunur.

Həmin hissədə farsca bir beyt və onun ardınca türkcə izah vardır.

Türkcə ifadədə insanın yaradılış məqsədi belə izah edilir:

«İmdi məqsud vücud-i insanidən Həqq Təalanın zatın və sifatın bilməkdir.»

Bu cümlə əsərin məzmununu anlamaq üçün əhəmiyyətlidir. Burada insanın varlığının məqsədi Allahı tanımaqla əlaqələndirilir.

Yazı xüsusiyyətlərinə gəlincə, hərəkələrin bir neçə sətirdə yox olması katib dəyişikliyi ehtimalını ortaya çıxarsa da, bunu hələ təsdiqləmir.

Eyni katib fərqli dildəki mətni və ya müəyyən izahları hərəkəsiz yaza bilər.

Ona görə növbəti mərhələdə hərflərin forması, sətir quruluşu, qələm qalınlığı və mürəkkəb xüsusiyyətləri birlikdə müqayisə ediləcək.

8. Kitabın məzmunu haqqında ilkin nəticə

Araşdırmanın sonunda əlyazmanın başlanğıcından bir neçə sətir oxuduq.

Mətn Allaha həmd və Peyğəmbərə salavatla başlayır. Ardınca Quranın «Qad əfləha mən təzəkka» ayəsi və iman, qəlb və dilin düzgünlüyü haqqında bir hədis gətirilir.

Sonrakı səhifələrdə insanın nəfsi, zahiri və batini xüsusiyyətləri, qəlbin tərbiyəsi və Allahı tanımaq məsələləri müzakirə olunur.

F28r-dəki ifadə də bu mövzularla uyğunluq təşkil edir.

Beləliklə, əsərin dini-əxlaqi və təsəvvüfi məzmun daşıdığı haqqında ilkin nəticəyə gəlmək mümkündür.

Ancaq müəllifini, əsərin adını və dəqiq janrını müəyyənləşdirmək üçün mətnin daha geniş hissəsini oxumaq lazımdır.

9. Kitabın əvvəlindəki qeydlər və mülkiyyət tarixi

Əlyazmanın başlanğıcındakı boş vərəqlərdə müxtəlif yazılar, rəqəmlər, hesablamalar və həndəsi fiqurlar görünür.

Burada «Zəfər Əfəndi» kimi oxuduğumuz ad və «Rizvan» şəklində oxuna bilən qeydlər diqqətimizi çəkdi.

Lakin bu adların kitab sahiblərinə aid olduğunu hələ söyləyə bilmərik.

Onlar mülkiyyət qeydi, yazı məşqi, şəxsi qeyd və ya başqa məqsədlə yazılmış ola bilər.

Kitabın iç tərəfindəki müasir kitabxana qeydləri isə onun sonrakı saxlanma tarixinin araşdırılmasına kömək edə bilər.

Əlyazmanın provenance tarixini, yəni hansı şəxslərin əlindən keçdiyini müəyyənləşdirmək üçün bu qeydləri ayrıca araşdırmaq lazımdır.

10. Bugünkü dərsin elmi nəticəsi

Bugünkü məşqdə yalnız əlyazmanı təsvir etmədik. Eyni zamanda paleoqrafik və kodikoloji müşahidələrdən necə nəticə çıxarmağı öyrənməyə çalışdıq.

Bəzi yerlərdə ilkin fikrimizi dəyişdirdik. Əvvəlcə katib dəyişikliyi hesab etdiyimiz xüsusiyyətlərin qələm və mürəkkəb fərqindən qaynaqlana biləcəyini gördük. Sonradan əlavə edilmiş hesab etdiyimiz ifadələrin isə əvvəlcədən planlaşdırılmış yazı mərhələsinə aid ola biləcəyini düşündük.

Bu məşq bizə dörd mərhələli araşdırma üsulunun əhəmiyyətini bir daha göstərdi:

Müşahidə → Ehtimal → Dəlillərin müqayisəsi → Nəticə

Əlyazmaşünaslıqda hər gördüyümüz fərqliliyə dərhal tarixi izah vermək doğru deyil.

Bir yazının fərqli görünməsi onun başqa katib tərəfindən yazıldığını, kağızın rənginin dəyişməsi başqa dövrə aid olduğunu, mürəkkəbin solğunluğu isə mütləq sonradan əlavə edildiyini sübut etmir.

Bu məsələlərin hər biri ayrıca dəlillərlə yoxlanmalıdır.

Yekun

512-ci bölümün əsas nəticəsi əlyazmanın təkcə mətn daşıyan bir vasitə deyil, həm də öz yaranma, istifadə, təmir və saxlanma tarixini qoruyan maddi bir mənbə olduğunu görməyimizdir.

Bugünkü araşdırmada iki nömrələnmə sistemi, təqibələr, müxtəlif mürəkkəblər, mümkün yazı mərhələləri, fiziki təmir izləri və mətnin təşkilində istifadə edilən işarələr haqqında mühüm müşahidələr topladıq.

Növbəti bölümümüzdə əlyazmanın mətnini oxumağa davam edərək onun müəllifini, mövzusunu və mümkün yazılma dövrünü müəyyənləşdirməyə çalışacağıq.

Araşdırmanın bu mərhələsində ən mühüm prinsipimiz budur: əlyazmanın bizə göstərdikləri ilə bizim onun haqqında düşündüklərimizi bir-birindən ayırmaq.

Wednesday, October 7, 2026

بئیین موهندیسلیگینه قارشی تورکجه اسکی کیتابلار 511 - درس 06

 بئیین موهندیسلیگینه قارشی تورکجه اسکی کیتابلار 511 - درس 06

https://youtube.com/live/9ljQKYSyliI


بوگون اؤیرندیگیمیزی دفتر اوچون بئله خلاصه ائده‌ردیم:

۶-جی درسین نتیجه‌سی

۱. مشاهده:
گؤردویوموز شئی‌نی، تفسیر ائتمه‌دن قید ائدیریک.

۲. احتمال:
تک بیر فرضیه‌یه باغلانمادان، رقابت ائدن بیر نئچه احتمال قوروروخ.

۳. سیناما و یوخلاما:
هر احتمالی مستقل دلیـلله یوخلاییریق: کاغیذ، سو نیشانی، مر‌کب، خط، قلم حرکت‌لری، دفتر و تیکیش، کُلوفون، متن‌داخیلی معلومات، مالکیت و وقف قیدلری و س.

۴. دلیـلین کیفیتی:
فقط دلیـللرین سایینی saymırıq؛ اونلارین گوجونه، کیفیتینه و بیر-بیرین‌دن مستقل اولوب-اولمادیغینا باخیریق.

۵. دلیـللرین بیرلشمه‌سی:
مستقل دلیـللر ائینی طرفه گئدیرسه، فرضیه گوج‌لنیر. اما چوخ سایدا ضعیف و ائینی منبع‌دن گَلن دلیـل، بیر گوجلو مستقل دلیـل یئرینه کئچمیر.

۶. تضاد:
دلیـللر بیر-بیرینه ضد چیخاندا بیرینی درحال آتما‌ماریق. اؤنجه سوروشوروخ:

هر دلیـل نه‌نین تاریخینی گؤستریر؟

تألیف؟ کؤچورولما؟ تکمیل؟ تعمیر؟ مالکیت؟ وقف؟ جلد؟ کتابخانایا داخیل اولما؟

۷. تاریخی طبقه‌لر:
بیر ال‌یازمانین «بیر تاریخی» اولمایا بیلر. اونون تألیف، کؤچورولما، تکمیل، تعمیر، جلد، مالکیت و انتقال تاریخ‌لری فرقلی اولا بیلر.

۸. کُلوفون:
کُلوفونداکی تاریخ همیشه الیمیزده‌کی فیزیکی نسخه‌نین کؤچورولما تاریخی دئییل. کُلوفون اؤنجه‌کی نسخه‌دن ده کؤچورولموش اولا بیلر.

۹. خط:
«ائینی خطا اوخشاییر» دئمک، «ائینی ال یازیب» دئمک دئییل. حرف شکللری، باغلانتیلار، نقطه‌لر، قلم باسقیسی، سورعت، ریتم و کاتبین تکرارلانان عادت‌لری یوخلانمالیدیر.

۱۰. تاریخی پنجره:
دلیـل بیزه دقیق ایل وئرمه‌سه ده، ان ارکن و ان گئج ممکن حدلری تعیین ائده بیلریک.

Terminus post quem

بوندان قاباق اولا بیلمز.

Terminus ante quem

بوندان سونرا اولا بیلمز.

و نهایت، بوگون اؤیرندیگیمیز ان مهم جمله:

من نتیجه‌نی اؤز فرضیه‌مین ایسته‌دیگی قدر دئییل، دلیـلین اجازه وئردیگی قدر گوجلو یازیرام.


 

Əlyazmaşünaslıq dərsləri – 6-cı dərs

Dəlildən nəticəyə necə gedirik?

Bu gün əlyazmaşünaslıq üzrə 6-cı dərsimizi keçdik. Dərsin əsas mövzusu əlyazmanın tarixini, yazılma mühitini və sonrakı həyatını araşdırarkən müxtəlif dəlilləri necə ayırmaq, müqayisə etmək və onlardan nə qədər nəticə çıxarmağın mümkün olduğunu öyrənmək idi.

Bu dərsdə mənim üçün ən mühüm qayda belə oldu:

Müşahidə ilə nəticəni bir-birinə qarışdırmamaq.

Araşdırmanı dörd mərhələyə ayırdıq:

1. Müşahidə: Əvvəlcə yalnız gördüyümüzü qeyd edirik.
2. Ehtimal: Gördüyümüz xüsusiyyətin mümkün izahlarını qururuq.
3. Sınama və yoxlama: Hər ehtimalı başqa, mümkün qədər müstəqil dəlillərlə yoxlayırıq.
4. Nəticə: Yalnız dəlillərin imkan verdiyi gücdə hökm veririk.

Məsələn, əlyazmanın kağızında su nişanı görürüksə, ilk müşahidəmiz yalnız budur: kağızda su nişanı vardır. Su nişanı kağız hazırlanarkən qəlibdəki məftil formasının kağızda yaratdığı, xüsusilə işığa tutulanda görünən əlamətdir. Onun bənzərlərini tarixləndirilmiş kağızlarla müqayisə etməklə kağızın istehsal dövrü haqqında məlumat əldə etmək mümkündür. Lakin su nişanının tarixi avtomatik olaraq əlyazmanın köçürülmə tarixi demək deyildir. Kağız istehsal edildikdən illər sonra da istifadə oluna bilər.

Mətnin daxili dəlilləri

Əlyazmanın öz mətni də tarixləndirmə üçün dəlillər verə bilər: hökmdar adı, şəhər, tarixi hadisə, alim və ya şeyx adı, kitab adı, vəzifə və terminlər və s.

Lakin burada da eyni ehtiyat lazımdır. Məsələn, bir əsərdə “Sultan Murad” adının çəkilməsi həmin mətnin hansı Sultan Murad dövrünə aid olduğunu öz-özünə həll etmir. Əvvəl mümkün Muradları müəyyənləşdirmək, sonra başqa müstəqil dəlillərlə ehtimalları sınamaq lazımdır.

“Əl-Fəraiz” üzərində apardığımız müşahidə

Dərsdə oxuduğumuz “Əl-Fəraiz” nüsxəsini də nümunə kimi götürdük. Burada ərəb mətninin geniş şəkildə hərəkələndiyini, türkcə qarşılıqların isə bəzi yerlərdə sözbəsöz verildiyini müşahidə etmişdik.

Bundan belə bir ehtimal yarandı: nüsxə ərəb mətninin türkdilli oxucu tərəfindən daha dəqiq oxunması və anlaşılması üçün tədris və ya öyrənmə məqsədilə istifadə edilmiş ola bilər.

Amma burada “bu, mütləq mədrəsə dərsliyi olub” hökmünü vermədik. Çünki hərəkətləri katib, müəllim, tələbə və ya sonrakı oxucu əlavə etmiş ola bilər. Bunu müəyyənləşdirmək üçün mürəkkəbin rənginə, qələmin hərəkətinə, hərflərin quruluşuna, hərəkələrin mətnlə eyni vaxtda yazılıb-yazılmadığına, haşiyələrə, mülkiyyət və vəqf qeydlərinə baxmaq lazımdır.

Beləliklə, bir fərziyyəni sadəcə təsdiq etməyə çalışmırıq. Onu yanlış çıxara biləcək dəlilləri də axtarırıq.

Dəlillərin bir-birini gücləndirməsi

Dərsin başqa mühüm mövzusu müxtəlif müstəqil dəlillərin eyni nəticəyə doğru yaxınlaşması idi.

Convergence of evidence

Bir dəlil zəif ola bilər. Amma kağız, xətt, mətn, kolofon və başqa müstəqil əlamətlər eyni ehtimalı dəstəkləyirsə, həmin ehtimal güclənir.

Bununla belə, dəlillərin yalnız sayına baxmaq olmaz. Onların keyfiyyəti və bir-birindən müstəqilliyi də vacibdir. Beş zəif dəlil eyni yanlış fərziyyədən yaranırsa, onların sayının çoxluğu nəticəni doğru etmir.

Dəlillər bir-birinə zidd gələndə

Dərsin ən çətin hissəsi bu idi.

Tutaq ki, kolofonda 1034 tarixi yazılıb, amma kağız və su nişanı daha sonrakı dövrə işarə edir; xətt də daha gec görünür, üstəlik başqa tarixli mülkiyyət qeydləri vardır.

Belə halda dərhal “kolofon yanlışdır” demək olmaz.

Əvvəl soruşmalıyıq:

Bu tarix nəyin tarixidir?

Əsərin yazılmasının?
Mövcud nüsxənin köçürülməsinin?
Bir bölümün tamamlanmasının?
Əvvəlki nüsxənin kolofonundan köçürülmüş tarixin?
Sonrakı təmirin, mülkiyyətin və ya başqa bir müdaxilənin?

Bu dərsdə öyrəndik ki, əlyazmanın həmişə yalnız bir tarixi olmur. Əsərin təlif tarixi, mövcud nüsxənin köçürülmə tarixi, sonrakı tamamlama və təmir, cildlənmə, mülkiyyət, vəqf və kitabxanaya daxilolma tarixləri ayrı-ayrı tarixi təbəqələr təşkil edə bilər.

Hətta kolofondakı tarix də həmişə əlimizdəki fiziki nüsxənin tarixi deyildir. Sonrakı katib əvvəlki nüsxəni köçürərkən onun kolofonunu və tarixini də olduğu kimi köçürmüş ola bilər.

Xətt oxşarlığı da yetərli deyil

Dərsin praktik təmrinində başqa mühüm nəticəyə də gəldik:

“Xətt oxşayır” demək “eyni əl yazıb” demək deyildir.

Bir katib başqa bir katibin xəttini təqlid edə bilər. Buna görə yalnız xətt növünə deyil, ayrı-ayrı hərflərin quruluşuna, hərflərin birləşdirilməsinə, nöqtələrə, qələmin basqısına, yazının sürət və ritminə və katibin təkrarlanan yazı vərdişlərinə baxmaq lazımdır.

Kodikoloji dəlillər də burada köməyə gəlir: kağızın qalınlığı, lif quruluşu, su nişanı, vərəqlərin ölçüsü, dəftər quruluşu, tikiş dəlikləri, köhnə və yeni tikiş izləri və s.

Tarixi pəncərə

Dəqiq tarix müəyyənləşdirilə bilmədikdə belə, araşdırma dayanmaq məcburiyyətində deyil. Bəzən ən erkən və ən gec mümkün tarixi müəyyənləşdirərək bir tarixi pəncərə qurmaq mümkündür.

Terminus post quem

Bir hadisənin və ya nüsxənin bundan əvvəl ola bilməyəcəyi ən erkən həddi göstərir.

Terminus ante quem

Onun bundan sonra ola bilməyəcəyi ən gec həddi göstərir.

Məsələn, dəlillər bir nüsxənin 1620-dən əvvəl yarana bilməyəcəyini, 1680-də isə artıq mövcud olduğunu göstərirsə, dəqiq ili bilməsək də, 1620–1680 arasında 60 illik bir tarixi pəncərə əldə etmiş oluruq.

Bu, sadəcə “tarixini bilmirik” deməkdən daha dəqiq elmi nəticədir.

6-cı dərsdən çıxardığım əsas nəticə

Bu dərsin metodunu bir cümlə ilə belə xülasə edə bilərəm:

Gördüyümü müşahidə kimi qeyd edirəm; bir neçə rəqabət edən ehtimal qururam; hər ehtimalı müstəqil və keyfiyyətli dəlillərlə sınayıram; dəlillərin həm bir-birini gücləndirdiyi, həm də bir-birinə zidd gəldiyi yerləri araşdırıram və sonda yalnız dəlillərin icazə verdiyi qədər nəticə çıxarıram.

Bəlkə də 6-cı dərsin mənim üçün ən mühüm dərsi budur: araşdırmaçının işi əvvəlcədən seçdiyi fikri sübut etmək deyil. Onun işi öz ehtimalını dəlillə sınamaq, lazım gəldikdə ondan vaz keçmək və dəlilin apardığı yerə qədər getməkdir.





Tuesday, October 6, 2026

بئیین موهندیسلیگینه قارشی تورکجه اسکی کیتابلار 510

 بئیین موهندیسلیگینه قارشی تورکجه اسکی کیتابلار 510



510-cu bölüm: Bir fəraiz əlyazmasını oxuyarkən — mətn, xətt, türkcə glosslar və kitabın fiziki tarixi

Bu gün “Türkcə Əski Kitablar” silsiləsinin 510-cu bölümündə kiçik həcmli, lakin olduqca zəngin xüsusiyyətlər daşıyan bir fəraiz əlyazması üzərində işlədim. Məqsədim yalnız kitabın mətnini oxumaq deyildi. Son həftələrdə öyrəndiyim kodikologiya, paleoqrafiya və əlyazmaşünaslıq üsullarını real bir əlyazma üzərində tətbiq etməyə çalışdım.

Bu baxımdan bugünkü çalışma mənim üçün həm kitab oxuma, həm də bir növ praktiki dərs və imtahan oldu.

Əlyazmanın əsas mətni ərəb dilindədir və İslam miras hüququnun — fəraizin — müxtəlif məsələlərini nümunələrlə izah edir. Ancaq əlyazmanı xüsusi maraqlı edən xüsusiyyətlərdən biri ərəb mətninin ətrafında qırmızı mürəkkəblə yazılmış türkcə söz və ifadələrdir.

İlk baxışda bunları sadəcə “türkcə tərcümə” adlandırmaq mümkündür. Daha diqqətli baxdıqda isə vəziyyətin bundan mürəkkəb olduğu görünür.

Əvvəlcə kitabı mətn kimi deyil, maddi obyekt kimi oxumaq

Bugünkü məşqdə çalışdığım əsas qaydalardan biri bu oldu: əlyazmanı açan kimi mətnin mənasına qaçmamaq.

Əvvəlcə kitabın özünə baxmaq lazımdır.

Kağız necədir? Mətn sahəsi necə təşkil olunub? Neçə sətir vardır? Yazı hansı mürəkkəblərlə yazılıb? Sonradan əlavə edilmiş qeydlər varmı? Foliasiya ilkin dövrə aiddir, yoxsa sonrakıdır? Su, nəm, cırılma, tikiş və təmir izləri görünürmü?

Əlyazmanın əsas səhifələrində ümumiyyətlə 7 sətirlik ərəb mətn sahəsi görünür. Bunun ətrafında və sətirlər arasında qırmızı mürəkkəblə əlavə yazılar vardır.

Əlyazmanın bəzi yerlərində su və nəmlik izləri xüsusilə yuxarı hissələrdə nəzərə çarpır. Cildin iç tərəfinə — şirazə və tikiş bölgəsinə — yaxın hissələrdə də zədələnmə, kağız itkisi və mümkün möhkəmləndirmə/təmir izləri görünür.

Burada vacib dərslərdən biri də ehtiyatlı termin işlətməkdir. Rəqəmsal şəkilə baxaraq hər əlavə kağız parçasını “təmir”, hər qeyri-adi izi isə “itmiş vərəqin qalığı” adlandırmaq olmaz. Fiziki kitabı əlimizə almadan bəzi nəticələr yalnız ehtimal olaraq qalmalıdır.

Bir folio həqiqətən itibmi?

Bugünkü çalışmanın maraqlı problemlərindən biri də bu idi.

Əlyazmanın əvvəlki hissəsində şirazəyə yaxın bir yerdə qeyri-adi kağız izi gördüm. İlk ehtimalım burada bir folionun qopmuş ola bilməsi idi.

Ancaq sonra özümüzə sual verdik: bunun dəlili nədir?

Sonrakı folio nömrələrinin ardıcıl olması problemi həll etmir. Çünki foliasiya kitab yarandıqdan çox sonra edilmişdirsə, əvvəldən itmiş bir foliodan sonra qalan vərəqlər yenidən 1, 2, 3, 4... şəklində nömrələnə bilərdi.

Digər tərəfdən mətnin davamlılığına da baxmaq lazımdır. Əgər açıq mətn boşluğu — lacuna — yoxdursa, yalnız fiziki izə əsaslanaraq “burada mütləq bir folio itib” hökmünü vermək düzgün olmaz.

Beləliklə nəticəni açıq saxladım:

Müşahidə var; ehtimal var; amma hələ hökm vermək üçün kifayət qədər dəlil yoxdur.

Bu, son dərslərimdə öyrənməyə çalışdığım metodun özüdür:

müşahidə → ehtimallar → dəlillə yoxlama → nəticə.

Əsas xətt: nəsx, amma kitab nəsxi deyil

Sonra paleoqrafik müşahidəyə keçdim.

Ərəb əsas mətninin mənə nəsx ailəsinə aid olduğu göründü. Bununla belə, çox formal və kalliqrafik kitab nəsxi təsiri yaratmır. Daha praktik və sürətli bir nəsxdir.

Mən ayrı-ayrı hərflərə baxmağa çalışdım.

Lam müxtəlif birləşmələrdə fərqli görünür. Xüsusilə əlif-lam birləşməsində formanın dəyişdiyini, bəzi lamların daha düz, bəzilərinin isə meyilli olduğunu müşahidə etdim.

Kaf daha maraqlı oldu. Eyni katibin eyni hərfi hər dəfə mexaniki şəkildə eyni formada yazmadığını görmək mümkündür. “Tərəkə” kimi dəfələrlə təkrarlanan sözlər bunun üçün yaxşı müqayisə materialı verdi.

Bu mənə paleoqrafiyada vacib bir dərsi yenidən göstərdi:

Bir hərfin yalnız bir formasını öyrənib əlyazmada onu axtarmaq kifayət deyil.

Hərfin forması sözün içindəki mövqeyinə, əvvəlki və sonrakı hərflərə, qələmin sürətinə və katibin həmin andakı hərəkətinə görə dəyişə bilər.

Sətirlər də tam üfüqi deyil. Bir çox yerdə sağdan sola doğru irəlilədikcə aşağıya doğru yüngül meyl hiss olunur. Bəzi sözlərin daxilində də eyni istiqamətli meyl görünür.

Bununla belə, bu mərhələdə həmin xüsusiyyəti müəyyən məktəb, region və ya tarixlə bağlamaq üçün dəlilimiz yoxdur.

Əlyazmanın ən maraqlı qatı: qırmızı türkcə

Əlyazmanın mənim üçün ən maraqlı xüsusiyyəti qırmızı mürəkkəblə yazılmış türkcə sözlərdir.

Ərəb əsas mətndə, məsələn:

رجل

yazıldıqda onun qarşılığında “ər”;

مات

üçün “öldü”;

ترك

üçün “qodı/qoydı” tipli forma;

أب

üçün “ata”;

أم

üçün “ana”;

زوجة

üçün “övrət” tipli qarşılıqlar görünür.

Bu səbəbdən əvvəlcə qarşımızda ərəb mətninin sətirlərarası türkcə tərcüməsinin olduğunu düşündüm.

Ancaq səhifələri bir-bir yoxladıqca daha dəqiq nəticəyə gəldim.

Bu, tam tərcümə deyil.

Bəzi ərəb sözlərinin türkcə qarşılığı verilir, bəzilərinin verilmir. Bəzi texniki terminlər isə ərəb formasında saxlanır. Buna görə bu mərhələdə əlyazmanı:

“türkcə interlinear glosslarla təchiz edilmiş ərəb fəraiz əlyazması”

kimi təsvir etmək daha düzgün görünür.

İngiliscə bunun üçün işlədə biləcəyimiz termin:

Arabic farāʾiḍ manuscript with interlinear Turkic glosses

ola bilər.

Glossların yeri niyə dəyişir?

Bugünkü müşahidəmin ən maraqlı nəticələrindən biri də bu oldu.

Əvvəl elə görünürdü ki, türkcə qarşılıqlar ərəb sözlərinin daim üstündə yazılır. Lakin bütün səhifələri müqayisə etdikdə bunun doğru olmadığı ortaya çıxdı.

Bəzi səhifələrdə qırmızı glosslar ərəb sətrinin üstündə, bəzilərində altında, hətta eyni səhifədə əvvəl üstündə, sonra altında yerləşir.

Üstəlik türkcə yazılar ərəb əsas mətninə paralel deyil. Çox vaxt kəskin bucaq altında yerləşdirilib. Mən vizual müşahidədə bəzi yerlərdə təxminən 65–70°, bəzi yerlərdə isə 80–90°-yə yaxın meyl gördüm. Bu rəqəmlər ölçülmüş nəticə deyil, vizual təxmindir.

Bu çox əhəmiyyətlidir.

Deməli, glossator əvvəlcədən hazırlanmış sabit “tərcümə sətirləri” ilə işləməyib. Mövcud boşluqdan istifadə edərək ərəb sözünün qarşılığını yerləşdirib və lazım gəldikdə yazını kəskin şəkildə döndərib.

Bu da kitabın istifadə funksiyası haqqında sual yaradır:

Bu kitab türkcə danışan tələbəyə ərəb dilində fəraiz öyrətmək üçün istifadə olunmuş ola bilərmi?

Hələlik bunu nəticə deyil, tədqiqat hipotezi kimi saxlamaq lazımdır.

“Məsələ” və rəqəmlər: əvvəlki ehtimalımı düzəltdim

Kitabda “məsələ” sözünün yanında və ya fəraiz hesablarının daxilində 6, 12, 18, 36 kimi rəqəmlər də diqqətimi çəkdi.

İlk baxışda bunları məsələlərin sıra nömrələri hesab etmək mümkün idi.

Amma mətni oxuduqca bunun doğru olmadığı aydınlaşdı. Ərəb mətndə:

وأصل المسألة من الستة

kimi ifadələrə rast gəlinir.

Buradakı 6 rəqəmi fəraiz hesabında aṣl al-masʾala — أصل المسألة, yəni miras paylarının hesablandığı ortaq əsas/məxrəc ilə əlaqədardır.

Beləliklə, əvvəlki ehtimal dəyişdi.

Bu mənim üçün bugünkü məşqin mühüm hissələrindən biri idi: əlyazmada gördüyümüz rəqəmə əvvəlcədən funksiya vermək əvəzinə, onu mətnin özü ilə yoxlamaq.

Eyni türkcə sözün müxtəlif yazılışları

Türkcə glosslarda məni xüsusilə düşündürən başqa məsələ imla dəyişkənliyi oldu.

Məsələn “qoydı/qodı” kimi oxuduğumuz qarşılıq eyni formada təkrarlanmır. Bir yerdə sait hərflə göstərilir, başqa yerdə sait işarəsi ilə ifadə olunur və ya yazı daha qısaldılmış görünür.

Eyni hadisəni başqa sözlərdə də müşahidə etmək mümkündür.

Bu, dərhal “katib savadsızdır” və ya “imla qaydası yoxdur” nəticəsinə aparmamalıdır. Əksinə, tarixi türkcə mətnlərdə saitlərin yazılışı, hərəkələrin istifadəsi və söz formalarının qrafik ifadəsi ayrıca araşdırılmalıdır.

Əgər gələcəkdə bu əlyazmanı ciddi məqalə mövzusuna çevirsək, məhz bu qırmızı glossların tam diplomatik transkripsiyasını hazırlamaq çox qiymətli ola bilər.

O zaman eyni sözün bütün yazılışlarını yan-yana qoyub müqayisə edə bilərik.

Qara və qırmızı yazı eyni əldirmi?

Bugünkü məşq zamanı mənə qırmızı türkcə glossların əsas ərəb mətnindən başqa bir əl tərəfindən yazıldığı təsiri yarandı.

Bunun müəyyən səbəbləri vardır: qırmızı yazı daha sıx və sərbəstdir; yazı istiqaməti daim dəyişir; bəzi hərf formaları və ümumi ritm qara əsas mətndən fərqli görünür.

Amma burada da hökmü saxlamalıyam.

Mürəkkəbin, qələmin ölçüsünün, yazı sahəsinin və xüsusilə 70–90° çevrilmiş yazı istiqamətinin dəyişməsi eyni adamın xəttini də xeyli fərqli göstərə bilər.

Ona görə hazırkı nəticəm belədir:

İki ayrı əl ehtimalı ciddi şəkildə araşdırılmalıdır, lakin hələ sübut olunmayıb.

Bunu yoxlamaq üçün qara və qırmızı yazıda eyni hərflərin — xüsusilə kaf, lam, mim, nun, ya, dal və ra kimi tez-tez təkrarlanan formaların — sistematik müqayisəsi lazımdır.

Katibin işləmə prosesini də görürük

Əlyazmada yalnız “təmiz mətn” yoxdur.

Bəzi sözlər silinib və ya üstündən xətt çəkilib. Bəzi buraxılmış ifadələr işarə və nöqtəli xətt vasitəsilə haşiyəyə aparılıb. Bir yerdə haşiyə əlavəsinin özü də dəyişdirilib və başqa istiqamətdə yenidən yazılıb.

Bunlar çox qiymətlidir.

Çünki belə yerlərdə biz yalnız kitabın son vəziyyətini deyil, müəyyən dərəcədə mətnin hazırlanma və düzəldilmə prosesini də görə bilirik.

Vəqf və kitabın sonrakı həyatı

Əlyazmanın möhürləri və qeydləri də onun yalnız mətn tarixindən deyil, provenansından, yəni kitabın sonrakı sahiblik və istifadə tarixindən danışmağa imkan verir.

Görüntülərdə təkrarlanan möhürlər, nömrələr və vəqflə əlaqəli qeydlər vardır. Əvvəlki oxunuşumuz bunların Üsküdardakı Valide-i Atik Camii ilə əlaqəsini göstərirdi.

Ancaq möhürün bütün yazısını və şəxsin adını ayrıca dəqiq oxumadan tam identifikasiya vermək istəmirəm.

Möhürün altındakı “100” kimi rəqəmi də avtomatik olaraq bugünkü mənada “shelfmark” adlandırmaq doğru deyil. O, inventar, kitabxana, vəqf və ya başqa bir köhnə qeydiyyat nömrəsi ola bilər.

Yenə eyni prinsip:

əvvəl gördüyümüzü qeyd edirik, sonra onun nə olduğunu müəyyənləşdiririk.

Bugünkü təmrinimə qiymət

Bu kitab üzərində işləyərkən mənim üçün ən böyük dəyişiklik əvvəlki kimi yalnız “bu söz nədir?” sualını verməməyim oldu.

Bu dəfə eyni zamanda soruşdum:

Bu hansı əldir?
Hərf niyə burada belə dəyişib?
Sətir hansı istiqamətdə hərəkət edir?
Qırmızı yazı qara yazı ilə eyni vaxtdamı yazılıb?
Gloss niyə burada üstə, başqa yerdə alta keçib?
Bu rəqəm məsələnin nömrəsidir, yoxsa fəraiz hesabıdır?
Bu kağız parçası itmiş folionun qalığıdır, yoxsa təmirdir?
Foliasiya nə vaxt əlavə olunub?
Su zədəsi kitabın hansı hissələrinə yayılıb?
Mətn ardıcıllığı fiziki zədə haqqında nə deyir?

Məncə əlyazmaşünaslığı öyrənməyin əsas mərhələlərindən biri də budur: gözün yalnız yazını deyil, kitabı görməyə başlaması.


Dərsdən sonra özümə düzəlişlər

Bugünkü çalışmada doğru etdiyim işlərin yanında səhvlərim və tələskən ehtimallarım da oldu.

Ən mühüm düzəlişlər bunlardır:

Birincisi, şirazə yaxınlığındakı izi əvvəlcə itmiş folio kimi düşünməyə meylləndim. Bu mümkündür, amma hələ sübut edilməyib. Fiziki müayinə və ya paralel nüsxə lazımdır.

İkincisi, qırmızı rəqəmləri əvvəl məsələ nömrələri kimi düşünmək mümkün idi. Mətn onları fəraiz hesabının “əsl əl-məsələ” sistemi ilə əlaqələndirməyə daha güclü əsas verdi.

Üçüncüsü, qırmızı türkcəni əvvəl bütöv “tərcümə” adlandırmaq asan idi. Əslində material daha çox seçmə interlinear gloss sisteminə bənzəyir.

Dördüncüsü, qırmızı və qara yazının ayrı əllər olduğunu düşünürəm, amma bunu hələ fakt kimi yazmaq olmaz.

Beşincisi, bəzi türkcə sözləri ilk baxışda yanlış və ya qeyri-müəyyən oxudum. Eyni söz başqa səhifədə təkrarlandıqda əvvəlki oxunuşu düzəltmək mümkün oldu. Bu özü paleoqrafiyanın çox mühüm üsuludur: bir anlaşılmaz hərfi təkbaşına deyil, eyni katibin təkrarlanan söz və hərfləri ilə müqayisə etmək.

Buna qarşılıq, bugünkü təmrində ən doğru etdiyim işlərdən biri şübhəni gizlətməmək idi. “Bunu oxuya bilmirəm”, “burada iki ehtimal var”, “bunu hələ bilmirik” demək əlyazma araşdırmasında zəiflik deyil. Əksinə, dəlilin sərhədini tanımaqdır.

510-cu bölümün mənim üçün əsas dərsi buna görə belə oldu:

Əlyazmanı oxumaq yalnız köhnə hərfləri müasir hərflərə çevirmək deyil. Əlyazmanı oxumaq onun mətnini, xəttini, kağızını, mürəkkəbini, zədələrini, düzəlişlərini, glosslarını, hesab sistemini və istifadə tarixini bir-birindən ayıraraq, sonra yenidən bir kitabın tarixi kimi birləşdirməkdir.

Bu gün həmin yolu bir az daha praktik şəkildə öyrənməyə çalışdım.








Monday, October 5, 2026

بئیین موهندیسلیگینه قارشی تورکجه اسکی کیتابلار 509 - درس 05

 بئیین موهندیسلیگینه قارشی تورکجه اسکی کیتابلار 509 - درس 05



Əlyazmanı görməkdən onu elmi şəkildə təsvir etməyə

Əlyazmaşünaslıq dərsi 5: Manuscript Description, codicology və elmi ehtiyat

Bugünkü dərsimiz təxminən iki saat on dörd dəqiqə davam etdi. Dərsin əsas mövzusu əlyazmanı sadəcə oxumaqdan və ona baxmaqdan bir addım irəli gedərək, onu elmi terminlərlə təsvir etmək və əlyazmada gördüyümüz fiziki və mətn problemlərini dəlillə müəyyənləşdirmək idi.

Dərsin sonunda isə daha ümumi bir nəticəyə gəldik: bir elmin terminlərini öyrənmək yalnız yeni sözlər əzbərləmək deyil. Terminlər bizim gördüyümüz hadisələri bir-birindən ayırmağa, onları təsnif etməyə və nəticədə həmin sahənin içindən düşünməyə imkan verir.

Əlyazmanın elmi təsviri

Dərsin başlanğıcında əlyazmanın elmi təsvirinin əsas elementlərini yenidən nəzərdən keçirdik.

Manuscript Description

Əlyazmanın elmi təsviri deməkdir.

Əlyazmanın hansı kitabxana, muzey və ya müəssisədə saxlandığını göstərən termin:

Repository

Həmin müəssisənin daxilində əlyazmanın aid olduğu məcmuə:

Collection

Əlyazmanın kitabxanadakı rəsmi tanıtma kodu:

Shelfmark

Məsələn, “Lala İsmail 32” bir shelfmark nümunəsidir.

Bir fiziki vərəq:

Folio

Vərəqin oxunuş sırasındakı birinci üzü:

Recto

İkinci üzü:

Verso

Burada mühüm bir məsələni bir daha dəqiqləşdirdik: recto və verso sadəcə “sağ səhifə” və “sol səhifə” demək deyil. Bunlar fiziki vərəqin iki üzünü bildirir.

Vərəqlərin nömrələnməsi:

Foliation

Səhifələrin ayrı-ayrılıqda nömrələnməsi isə:

Pagination

adlanır.

Quire, Gathering və Bifolium

Bugünkü dərsdə əlyazmanın fiziki quruluşuna daha dərindən girdik.

Bir kağız vərəqi ortadan qatlananda iki folio, yəni dörd yazı səthi meydana gəlir. Buna:

Bifolium

deyilir.

Bir neçə bifolium bir-birinin içinə yerləşdirilərək bir vərəq dəstəsi meydana gətirir. Buna:

Quire

və ya:

Gathering

deyilir.

Bu dəstələrin necə qurulduğunu, hansı vərəqlərin bir-birinə aid olduğunu və onların necə tikildiyini araşdırmaq isə əlyazmanın fiziki quruluşunu anlamağın əsas yollarından biridir.

Bu sahə:

Codicology

adlanır.

Eyni qatlanmış kağızın iki yarısını təşkil edən iki vərəqə:

Conjugate leaves

deyilir.

Bu anlayış xüsusilə itmiş vərəqləri müəyyənləşdirərkən çox əhəmiyyətlidir. Çünki bir vərəqin hansı başqa vərəqlə eyni bifoliuma aid olduğunu müəyyən edə bilsək, əlyazmanın ilkin quruluşunu yenidən bərpa etmək mümkün olur.

Catchword — təqibə kəlməsi

Bugünkü dərsin ən praktik mövzularından biri təqibə kəlməsi idi.

Catchword

Adətən bir səhifənin aşağı haşiyəsində yazılan və sonrakı səhifənin ilk sözünü qabaqcadan göstərən kəlmədir.

Bu sözün mütləq aşağı sol tərəfdə yazılması şərt deyil. Əlyazmadan asılı olaraq sağda, solda və ya ortaya yaxın yerləşə bilər. Əsas məsələ onun səhifələr və ya vərəq dəstələri arasındakı ardıcıllığı yoxlamaq funksiyasıdır.

Catchword əlyazma araşdırmasında son dərəcə qiymətli bir dəlilə çevrilə bilər. Əgər bir səhifənin sonunda yazılmış catchword növbəti səhifənin ilk kəlməsi ilə uyğun gəlmirsə, dərhal hökm verməməli, bir neçə ehtimalı yoxlamalıyıq.

Misbinding və Reordered Folios

Vərəqlər yanlış qaydada bağlanıbsa, buna:

Misbinding

deyilir.

Vərəqlər sonradan öz ilkin ardıcıllığını itirərək başqa qaydada düzülübsə:

Reordered Folios

terminindən istifadə edə bilərik.

Məsələn, əlyazma zamanla dağıla, cildi açıla və vərəq dəstələri bir-birindən ayrıla bilər. Sonrakı cildləmə zamanı bir vərəq və ya bütöv bir gathering yanlış yerə yerləşdirilə bilər.

Lakin bugünkü dərsin əsas qaydalarından biri bu idi: yalnız bir uyğunsuzluq gördüyümüz üçün dərhal “bu folio misbound-dur” deyə bilmərik.

Dəlilin gücünə uyğun danışmalıyıq.

Dəlil zəifdirsə:

The folio may have been misbound.

Dəlil daha güclüdür, amma hələ qəti deyilsə:

The folio appears to have been misbound.

Bir neçə müstəqil dəlil eyni nəticəni təsdiqləyirsə, yalnız o zaman daha qəti hökm vermək mümkündür:

The folio is misbound.

Bu fərq bugünkü dərsin ən mühüm elmi dərslərindən biri idi.

Lacuna — mətn boşluğu

Yeni öyrəndiyimiz mühüm terminlərdən biri:

Lacuna

oldu.

Lacuna mətndə olan boşluq və ya itmiş hissədir.

Lakin hər lacuna fiziki vərəq itkisi demək deyil.

Əgər əlyazmanın kağızları yerindədir, lakin mətnin bir hissəsi yoxdur, qarşımızda mətn itkisi ola bilər.

Textual Lacuna

Əgər fiziki vərəqin özü itib:

Physical Loss

və ya konkret vəziyyətdə:

Missing Leaf

deyə bilərik.

Bu fərq çox əhəmiyyətlidir. Çünki mətnin olmaması ilə kağızın olmaması eyni hadisə deyil.

Katib də mətni buraxa bilər

Əgər əlyazmanın fiziki quruluşu salamatdır, amma katib köçürmə zamanı mətnin bir hissəsini yazmayıbsa, buna:

Scribal Omission

deyilir.

Katibin gözü bənzər sonlu iki sətir arasında atlaya bilər. Beləliklə aradakı bir neçə söz, sətir, hətta daha böyük mətn parçası köçürülmədən qala bilər.

Bənzər sonluqlar səbəbilə baş verən bu hadisənin xüsusi termini:

Homoeoteleuton

dur.

Bənzər başlanğıclar səbəbilə gözün atlaması isə:

Homoeoarcton

adlanır.

Bunlar xüsusilə mətnşünaslıq və nüsxələrin müqayisəsi zamanı əhəmiyyətlidir.

Palaeography, Codicology və Textual Criticism

Bugünkü dərsdə bu üç sahənin sərhədlərini də bir qədər daha aydınlaşdırdıq.

Tarixi yazı növlərini, hərflərin formalarını, yazı əlini, qələmin hərəkətini və katib əlinin dəyişməsini araşdırırıqsa:

Palaeography

sahəsindəyik.

Kağızı, folionu, bifoliumu, quire-ləri, tikişi, cildi və kitabın fiziki quruluşunu araşdırırıqsa:

Codicology

ilə məşğuluq.

Müxtəlif nüsxələri bir-biri ilə müqayisə edib hansı beytdə, cümlədə və ya hissədə əlavə, əskiklik, yerdəyişmə və ya variant olduğunu araşdırırıqsa:

Textual Criticism

sahəsinə keçirik.

Məsələn, Xosrov və Şirin əlyazmalarını müqayisə edərkən bir nüsxədə olan böyük bir şeir hissəsinin başqa nüsxədə olmadığını müəyyənləşdirmək artıq mətn tənqidi məsələsidir. Lakin bunun səbəbinin fiziki vərəq itkisi olub-olmadığını müəyyənləşdirmək üçün codicological evidence də lazım ola bilər.

Beləcə bu sahələr bir-birindən fərqlidir, amma əlyazma araşdırmasında bir-birinə kömək edir.

Bugünkü praktik təmrin

Təmrində belə bir fərziyyə qurduq:

73v-də catchword “padişah”dır.

74r isə başqa ifadə ilə başlayır.

75r və 75v-də mətn davam edir.

76r-də birdən “padişah əgər...” ifadəsi qarşımıza çıxır.

İlk baxışda 76-cı folionun yanlış bağlandığını düşünə bilərik.

Lakin bugünkü dərs bizə öyrətdi ki, bu hələ nəticə deyil. Bu yalnız bir hypothesis-dir.

Əvvəl 73v-nin son iki-üç sətrini və 76r-nin ilk iki-üç sətrini müqayisə etməliyik.

Mətn təbii şəkildə davam edirmi?

Textual Continuity

Məna davam edirmi?

Semantic Continuity

Cümlənin qrammatik quruluşu davam edirmi?

Grammatical Continuity

Bundan sonra 74 və 75-ci folionun catchword-lərinə baxmalıyıq.

Sonra quire structure, sewing, conjugate leaves və varsa qopmuş vərəqdən qalan dar kağız hissəsini yoxlamalıyıq.

Belə qalıq:

Stub

adlanır.

Nəhayət, əsərin başqa əlyazma nüsxələri varsa, onlarla müqayisə etməliyik.

Mətn tənqidində müqayisədə istifadə etdiyimiz hər bir əlyazma nüsxəsi:

Witness

adlandırıla bilər.

Beləcə bircə kəlmədən çıxış edərək hökm vermək əvəzinə, mətn və kitabın fiziki quruluşundan gələn müxtəlif dəlilləri birləşdiririk.

Bir-birini təsdiqləyən müstəqil dəlillərə:

Corroborating Evidence

deyə bilərik.

Dəlillərin üst-üstə yığılaraq bir nəticəni gücləndirməsi isə:

Cumulative Evidence

anlayışı ilə ifadə oluna bilər.

Ən mühüm dərs: müşahidə nəticə deyil

Bugünkü iki saatlıq dərsdən mənim üçün ən əhəmiyyətli nəticələrdən biri metodoloji idi.

Elmi araşdırmada dörd mərhələni bir-birindən ayırmaq lazımdır.

Birinci:

Observation

Müşahidə. Yəni nə gördük?

İkinci:

Hypothesis

Fərziyyə. Gördüyümüz hadisənin mümkün izahı nədir?

Üçüncü:

Testing

Yoxlama. Fərziyyəmizi hansı dəlillərlə sınaya bilərik?

Dördüncü:

Conclusion

Nəticə.

Burada əsas qayda çox sadə, amma çox əhəmiyyətlidir:

Dəlilin icazə verdiyi qədər hökm verməliyik.

Müşahidəni nəticə ilə qarışdırmamalıyıq.

Əvvəl gördüyümüzü qeyd etməli, sonra mümkün izahları qurmalı, hər ehtimalı dəlillərlə yoxlamalı və yalnız bundan sonra nəticəyə gəlməliyik.

Termin öyrənmək nə üçün bu qədər əhəmiyyətlidir?

Dərsin sonunda isə mənim üçün daha ümumi bir fikir ortaya çıxdı.

Biz terminlərlə yalnız danışmırıq; terminlər bizə düşüncəmizi dəqiqləşdirməkdə kömək edir.

Əlbəttə insan yalnız sözlə düşünmür. Şəkillə, səslə, məkanla, hisslə və başqa vasitələrlə də düşünə bilər. Lakin elmi və abstrakt sahələrdə terminologiya son dərəcə güclü düşüncə alətinə çevrilir.

Dərsdən əvvəl bir əlyazmada “burada nəsə əskikdir” deyə bilərdik.

İndi isə soruşuruq:

Fiziki vərəq itib?

Missing Leaf

Mətn itib?

Textual Lacuna

Katib köçürməyib?

Scribal Omission

Vərəq yanlış bağlanıb?

Misbinding

Yoxsa vərəqlərin sırası sonradan dəyişib?

Reordered Folios

Əlyazma dəyişməyib. Dəyişən bizim onu görmək və təsnif etmək qabiliyyətimizdir.

Buna görə termin öyrənmək sadəcə xarici sözlər əzbərləmək deyil. Hər düzgün öyrənilmiş termin əvvəl qarışıq gördüyümüz bir hadisənin sərhədlərini daha aydın görməyimizə kömək edir.

Bu düşüncənin ana dilində elmi təhsillə də birbaşa əlaqəsi vardır. Əgər bir insan öz ana dilində yalnız gündəlik danışığı öyrənib, amma həmin dildə fəlsəfə, məntiq, hüquq, riyaziyyat, tibb, tarix, texnologiya və başqa elmləri oxumayıbsa, onun həmin dildəki elmi söz və anlayış repertuarı təbii olaraq məhdud qala bilər.

Problem dilin özündə deyil. Problem həmin dildə qurduğumuz elmi və konseptual dünyanın nə qədər geniş olmasındadır.

Bir dildə elm öyrənmək buna görə yalnız məlumatı həmin dilə tərcümə etmək deyil. O dildə yeni anlayışlar arasında əlaqələr qurmaq, yeni suallar vermək və yeni düşüncə alətləri yaratmaqdır.

Bugünkü dərsdən mənim üçün qalan ən gözəl nəticə də budur:

Yeni termin öyrənmək həmişə yeni bir gerçəklik yaratmır; çox vaxt qarşımızda onsuz da mövcud olan gerçəkliyin daha çox fərqini görə bilməyimizə imkan yaradır.

Bugünkü dərsdə əlyazma eyni əlyazma olaraq qaldı. Amma ona baxan gözümüz əvvəlki göz deyildi.









بئیین موهندیسلیگینه قارشی تورکجه اسکی کیتابلار 514 - درس 07

بئیین موهندیسلیگینه قارشی تورکجه اسکی کیتابلار 514 -  درس 07 https://youtube.com/live/DQvoINYsnms الیازما بیلیمی — یئددینجی درس متن قاتلاری،...