İranda hər ehtimal üçün hazır olmalıyıq
İranda, hər an, hər bir ehtimal üz verə bilər. Hər bir olacaq üçün hazır olmalıyıq.
1) İstiqlal
İstiqlalçı qruplar, bireylər, təşkilatlar, erkəndən (hər şey olub bitməzdən), İranın dağılma şəraitini göz önündə tutaraq, bu vəziyyətə hazır olmalıdırlar. İstiqlalçılar həmən indi, bir anayasa hazırlamalıdırlar ki, sabah gec ola bilər və tələsikə düşərlər.
2) Federalçılar
Federalçı qruplar, bireylər, təşkilatlar bu an, İranın dağılmasından sonraya hazır olmalıdırlar. Əgər indi hazır olmasalar, o gün gəldiyində, fars topluluqları, fars olmayan millətlərə üstün durarlar. O şəraitdə, farslar istədiklərini qeyri-fars millətlərə təhvil edə bilərlər. Yüz il haqsız qalan millətlər, farsların basqısı və önərilərinə məruz qalıb, onların arxasına düşüb, farslara kölgə kimi ola bilərlər. Yəni hər hansı millətin ziyalıları daha erkən tərpənsə, yaradıcı olursa, güc o millətin əlində olar. Amma gələcək İranda, güc ilə qüvvə farsların əlində olmamalıdır.
3) Haqqı təyin–sərnəviştçilər
Bu işə maraqlı şəxslər, qruplar da indidən anayasını hazırlamalı və masa üstünə müzakirəyə hazır etməlidirlər ki, o gün gələr–gəlməz, biz türklər üstün bir durumda ola bilək. Yəni, üstünlük türk millətinin əlində olsun. Yoxsa türklər, İran uçurumu altında qalıb əzilərlər.
4) Xudmuxtarçılar
Xudmuxtarçılar (əlbəttə bizim gözümüzdə) bir cürə federalçı görünürlər, amma bəlkə anlamlarda, habelə qavramlarda, idarəçilikdə, … fərqli tərifləri ola bilər. Bu fərqlərə baxsaq da, baxmasaq da, bu qruplar və bireylər gələcək müzakirələr və danışıqlar masası üçün bir anayasa hazırlamalıdırlar ta ki güclü yumruğumuzu masaya vura bilək. Habelə, masada ruhsal üstünlük saxlaya bilək.
5) İrançı türklər
İrançı türkçülər, gözdən iraq tutulmalı deyildirlər. Onlar, (onlarla razılaşsaq da, razılaşmasaq da) İrançı türkçülər də bir düşüncə sahibidirlər. Onların düşüncələrinə göz yummaq olmaz və siyasət masasından silmək də, (ən azından nəzəri sahədə) ola biləcək bir şey deyildir. İrançı türklər də, indi və həmən, birlik şəklində toplanaraq, düşündükləri “Türk İrana” bir anayasa hazırlamalıdırlar. Təbii ki bu qrup düşüncə sahiblərinə önəmli olan, İran birinci, türklər isə ikinci dərəcədə gəlirlər. Bəlkə də, onlar üçün belə, türklük, İrandan daha önəmli ola bilər. Buna görə də, bir İran–türk ya da türk–İran əsaslı anayasa yazmalıdırlar.
6) Amerika hegemoniyası
Əgər Amerika hegemoniyası (gücü – hegemonu) İran üzərinə təsir edərsə, sonrakı bütün müadilələri onlar bəlli edərlər. Çünki, zəfər sahibi habelə güclü olanlar, istədiklərini yaza bilərlər və tətbiq edə bilərlər. Gücsüzlər ilə məğlub olanların isə, itaətdən başqa çarələri yoxdur. Gücsüzlər ilə məğlub olanlar, əmir qulu olar və əmrləri yerinə yetirməklə mükəlləfdirlər.
Amerika həm özü federaldır, həm İraqda, Əfqanıstanda, hətta Suriyada bir cürə federal sistemlər yaratmışdır. Bu haqda dərin və geniş təcrübə sahibidir. Amerika, İrandı işğal edərsə, orada aparıcı güc sahibi olar. Ondan dolayı da istədikləri şəkildə federal yarada bilərlər.
Bununla birgə, Amerika hegemoniyası və gücü ortada olarsa, istiqlalçı, federalçı, haqqı təyin–sərnəviştçi, xudmuxtarçı, habelə İran türkçülüyü düşüncəsinə sahib kişilərə, qruplara çox macal qalmaz.
Güney Azərbaycan və habelə İranda yaşayan tüm türklərin aydın kəsimləri, İranda ola biləcək hər hal və duruma hazır olmalıdırlar. Yəni, bu siyasi düşüncə sahiblərinin hamısı, hər biri öz yerində, hazırladıqları anayasalar ilə gələcək üçün işləri həm asanlaşdıra bilər, həm də bəlkə rəy ya səs verərkən üstünlüyü əldə edib, siyasət ilə hüquqda bir şeyləri dəyişdirə bilərlər.
7) Konfederalçılar
Konfederalçılar, bireysel ya da qrupsal olaraq iki yerə bölünürlər:
a) İrançı konfederalçılar
b) Bölgəsel konfederalçılar
a) İrançı konfederalçılar
İrançı konfederalçıların düşüncəsində, İran adlanan yerdə çox millətlər var ki, keçmiş yüz ildə bütün milli, tarixi, vətənsəl habelə dövlətçilik haqları tapdalanıb aradan gedibdir. Onlara görə İranın adı dəyişə bilər, amma sərhədlər içində olan millətlər, bərabər hüquqla müstəqil olub, müstəqil dövlət qurub, milli iradələrin tətbiq etmək haqlarına sahib olmalıdırlar.
Bunların işi daha çətindir. Çünki fars topluluqlarından kənarda olan millətlər, yüz il fars sisteminin hüquqsuzluğundan dolayı, farslarla daha bir kərə belə bir siyasi vahiddə birləşmək istəmələri zor görünür. Bununla birgə, bu qrup, bir anayasa çərçivəsində millətlərin istiqlalini, milli, tarixi, vətəni, iqtisadi və hüquqi iradələrini rəsmi olaraq qəbul edən bir çərçivə yazmalıdır ki, bu millətlərin də qəbuluna gələ bilsin; yoxsa farslara bayramdır.
b) Bölgəsel konfederalçılar
Bölgəsel konfederalçıların işi daha qolaydır. Məsələn türklər, türkmənlər, qaşqaylar, ərəblər, kürdlər, mazənilər, giliklər, … həm bölgəsel bərabər hüquqlarla, həm də İranın sərhədlərindən kənarda olan öz dildaşları ilə konfederal qurmaq olasılığına sahibdirlər.
Məsələn İranda yaşayan türklər, həm özləri bir-birləri ilə, həm də qonşu millətlərlə (kürdlər, lorlar, bəxtiyarilər, giliklər, mazənilər) konfederal yaşamaq olasılığına sahibdirlər. Bunların yanı sıra, İranda yaşayan türklər, həm Azərbaycan Respublikası, həm Türkiyə Respublikası, həm Türkmənistan Respublikası və həm də digər türk respublikaları ilə bərabər konfederal sistem qurmaq imkan və fürsətlərinə sahib ola bilərlər.
Nəticə
Bütün siyasi və hüquqi düşüncə sahibləri, qruplar və bireylər, İranda ola biləcək hər bir ehtimal və dövlət qurmaq üçün, həmən bu gündən hazır olmalıdırlar. Bu hazırlıq, bütün milli, tarixi, torpaqsəl, iqtisadi və hüquqi haqların tamamını əldə etmək üçün, onların pozulmamasına qarantı da, dövlət qurmaq, həm də anayasa çərçivəsində ən lazım və gərəkli olan işdir.
Siyasi və hüquqi düşüncə sahiblərinin önərdiyi anayasada, tüm milli və bireysel haqlar, açıqcasına görünməlidir. O anayasaların hamısı, tüm millətin iradəsini qapsamalıdır. Onun üçün də, gələcəkdə hər cür ehtimallara qarşı, bugün də yazılı şəkildə önərilə biləcək hüquq, qanun, anayasa hazırlanmalıdır.
İnsafəli Hidayət
26 yanvar 2026