Saturday, January 24, 2026

Satqınlar Birliyi – Millətçilərin Ayrılığı


Satqınlar Birliyi – Millətçilərin Ayrılığı



Salam dostum,


Məqaləni oxudum, çox sevindim.

İllərdir ki, biz bu düşüncələri eyni düşüncələrlə düşünüb, daşıyıb, topluma yükləməyə çalışmışıq və çalışırıq.


İranda yaşayan türklərin ictimai kəsimləri, sənin qeyd etdiyin iki bölümü – can azərbaycançılar və “mərz-pərgövhərçilər”i – ilə məhdudlaşmır; eyni zamanda rejimçi, dinçi, hətta solçu kəsimləri də əhatə edir. Bunları da görməliyik.

Amma heyif ki, ən önəmli və dərin təsiri olan bir kəsimin mövcudluğunu görsək də, onların media və sosial media gücünü yetərincə nəzərə almamışıq.


Bu qrupun sayı 3–4 min nəfər ola bilər, ya da olmaya bilər, amma olduqca güclü hərəkət edirlər. Hətta bəzən milli hərəkatın tanınmış yazarlarından belə daha təsirli görünürlər.


Bu qrup “satqınlar” qrupudur. Onlar özlərinin, vətənlərinin, millətlərinin, türklərin milli maraqlarını; vətənin milli qaynaqlarını; eləcə də bütün tarixi, torpaq və insani dəyərlərimizi İran–Fars dövlətindən aldıqları çox az imkanlar qarşılığında pula satırlar.


Bu qrupun nəzarət nöqtələri İran–Fars dövlətinə bağlı olan gizli və açıq qurumların əlindədir.

Onların 3–4 min nəfər olmasına baxmayın. Onlar bir mərkəzdən idarə olunurlar.

Buna görə də bir ordu kimi mediada və sosial mediada birlikdə, eyni zamanda, müəyyən məqsədlər üzərində hərəkət edib təbliğat aparırlar.

Təəssüflə demək lazımdır ki, bu qrupun birlikdə çıxardığı səs çox güclü görünür. Elə bil ki, millət daxilində bu 3–4 min nəfərlik ordunun səsi milyonlardan daha çox eşidilir.


Onların məqsədi bəllidir.

“Azərbaycan” və “Türk” sözləri ilə bağlı adlar və başlıqlar altında yazır, danışır, xəbərlər, gülməcələr və videolar yayırlar.


Onların iki mərhələli taktikası var.


Birinci mərhələ – gündəlik fəaliyyət

Böhransız günlərdə hər mövzuda yazır, danışır və paylaşırlar. Amma onların qırmızı xətti İran-farsçılıqdır. Buna görə də İrana və iranşçılığa ciddi şəkildə toxunmurlar.

Ara-sıra tənqidə bənzər sözlər də deyə bilirlər. Urmu gölü, kürd məsələsi, adların dəyişdirilməsi və s. mövzulara birbaşa və ya dolayı yolla toxuna bilirlər.

Amma ideoloji xətti keçmirlər.

Rejimə qarşı bu azacıq mövqe göstərmələrinin səbəbi, millət içində nüfuz və hörmət qazanmaqdır. Məqsəd odur ki, əgər bir gün İran–Fars məmləkətinin daxilində və ya ətrafında dərin və geniş böhranlar yaranarsa, onlar “alternativ qüvvə” kimi ortaya çıxa bilsinlər.


İkinci mərhələ – böhran dövrü

Böhran və qarışıqlıq çağlarında bu qrup daha sistemli, daha ordusal şəkildə, rejimçi və iranşçı mövqelərlə önə çıxır.


Onlara verilən əsas əmr dəyişməzdir:

nə bahasına olursa-olsun türk toplumunu susdurmaq, hərəkətsizləşdirmək, qorxutmaq və evlərə qapatmaq;

böhranın dərinləşməsinə və genişlənməsinə imkan verməmək;

rejimə vəziyyəti toparlamaq üçün zaman qazandırmaq.

Bu məqsədlə bir neçə açıq taktika tətbiq edirlər:


A) Pəhləvi qorxusu

“Pəhləvi gəlir”, “Pəhləvidən çox qorxun”, “Pəhləvi çox pisdir” deyərək etirazlardan çəkindirməyə çalışırlar.

“Küçəyə çıxmayın”, “hərəkət etməyin”, “inqilab etməyin” deyirlər.

Onların iddiasına görə, əgər türklər də etirazlara qoşularsa, İran–Fars zəifləyər və Pəhləvilər hakimiyyətə gələr.

Guya türklərin Pəhləviyə qarşı seçimi yoxdur, çarəsizdirlər və Pəhləvini qəbul etməlidirlər.


B) Kürd mövzusu

Türk-kürd qarşıdurması ehtimalı, torpaq məsələləri, kürdlərin silahlı olması qabardılır.

Məqsəd türklərin etirazlarının digər xalqlarla birləşməsinin qarşısını almaqdır.

Kürdlər türklərin ən təhlükəli düşməni kimi təqdim edilir.

“İran–Fars dövləti (hətta Sepah) olmasa, kürdlərin qarşısında kim dayanacaq?” kimi qorxu dolu düşüncələr yayılır.


C) Qorxu və passivlik təlqini

Türk toplumu tutulmaqdan, öldürülməkdən, müharibədən qorxudulur.

“Yaxşı ki, ağıllı azərbaycanlılar ayağa qalxmadı” fikri təlqin edilir.

Beləliklə, etirazların mənasız olduğu düşüncəsi yaradılır.


D) Qoşulmamaq strategiyası

“Azərbaycan heç bir hərəkata qoşulmasın, gözləsin” deyilir.

“Qoy farslar, kürdlər mübarizə aparsın, qalib gəlsələr, biz sonra hərəkət edərik” məntiqi yayılır.


E) Tarixin təhrif edilməsi

Səttarxan, Bağırxan kimi adlar önə çıxarılır, amma

Pişəvəri, Xiyabani və on minlərlə şəhid fədainin adı çəkilmir.

Çünki onlar türkçülük, azərbaycançılıq və müstəqillik ideyalarının daşıyıcılarıdır.


F) Yayındırma siyasəti

Böhran dövrlərində türkcə musiqi, rəqs, dil hüquqları, Urmu gölü mövzuları qabardılır.

Əsas siyasi məqsədlər arxa plana atılır.

Boş ümidlər satılır, qorxu yayılır.


G) “Şəhidlik” təbliğatı

İran uğrunda ölən əsgərlər “Azərbaycan şəhidi”, “Türk şəhidi” kimi təqdim edilir.

Türk toplumunun etiraz potensialı zəiflədilir.


Bu proseslər fonunda milli düşüncəli fəalların vahid mərkəzi və komandanlığı yoxdur.


Halbuki İran–Fars sistemində yaranan böhranlardan istifadə edərək müstəqil Güney Azərbaycan, Güney Türkmənistan və Qaşqayistan dövlətlərini qurmaq tarixi bir imkan ola bilər.


Türklər öz millətlərini və dövlətlərini qorumaq və qurmaq məsuliyyətini daşıyırlar.

Bu məsuliyyəti başqa xalqlardan gözləmək doğru deyil.


Ənsafəli Hidayət

24 yanvar 2026











No comments:

Post a Comment

بئیین موهندیسلیگینه قارشی تورکجه اسکی کیتابلار 292

  بئیین موهندیسلیگینه قارشی تورکجه اسکی کیتابلار 292 https://youtube.com/live/3iyA9DZwBYs