İnsafəli Hidayət: 'Xatəminin çağırışına məhəl qoyulmayacaq'
İnsafəli Hidayət: 'Xatəminin çağırışına məhəl qoyulmayacaq' | |
21/07/2009 |
Dünən İranın keçmiş prezidenti Məhəmməd Xatəmi ölkədə hökumətin legitimliyinə dair referendum keçirilməsinə çağırıb. Bu gün isə İranda 1952-ci il hadisələrinin ildönümüdür. İranda baş verən son hadisələr barədə Kanadada yaşayan azərbaycanlı jurnalist İnsafəli Hidayətlə müsahibə aparmışıq.
Sual: Dünən İranın keçmiş prezidenti Məhəmməd Xatəmi ölkədə hökumətin legitimliyinə dair referendum keçirilməsinə çağırıb. Sizcə, bu çağırış bir növ hökumətin qanuniliyini sual altına qoymurmu?
Cavab: İran qanunları əsasında ümumi çağırışlara imkan verilir. İran qanunları icazə verir ki, parlament üzvlərinin üçdə birinin imzası ilə belə bir çağırışlar olsun. Məhəmməd Xatəmi böyük bir adamdı, İranın keçmiş prezidentidir və siyasətdə böyük rola malik olduğu üçün belə bir çağırış edib. Ancaq bu, qeyri-adi bir çağırışdır. Bunu İran rəsmiləri həyata keçirmək istəsəydi, elə seçkilərin nəticələrini ləğv edərdi və yenidən keçirilməsinə şərait yaradardı. Ona görə də inanmıram ki, nə dövlət, nə də parlament bunu qəbul etsin.
Sual: Keçmiş prezidentlər Haşimi Rəfsəncani və Məhəmməd Xatəminin Mir Hüseyn Musəviyə dəstəyi İranın ordu və digər təhlükəsizlik qüvvələrinin mövqeyinə təsir göstərə bilərmi?
Cavab: Əl Cəzirə telekanalının dediyinə görə, Musəvinin 5 milyon tərəfdarı ilə birlikdə aksiya keçirdiyi zaman polis ciddi müqavimət nümayişçilərə göstərmədi. Çünki polis onlar arasında mühüm adamların olduğunu görürdü. İki sabiq prezidentin olması yetərli idi. Burada əsas məsələ Əli Xameneinin iradəsidir. O bunu qəbul etmir. Nümayişçilər asanlıqla təslim olmadığını göstərsə də, məncə, nəhayətdə bu proses islahatçıların məğlubiyyəti ilə nəticələnəcək.
Sual: Bu gün 1952-ci il hadisələrinin il dönümüdür. Bununla əlaqədar bu gün İranda hər hansı mərasimlər və ya aksiyalar keçirilirmi?
Cavab: 1952-ci ildə İranda Məhəmmədi Müsəddiq əleyhinə bir hərbi kampaniya oldu. Bunun tərəfdarları küçələrə axışaraq, şüarlar səsləndirdilər. Hər il bu hadisə ilə əlaqədar toplaşmalar olur. Bu gün də İrandan daxil olan xəbərlərdə deyilir ki, insanlar bununla əlaqədar yürüş keçirməklə yeni aksiyalara yol açmağa çalışır. Ancaq polis xəbərdarlıq etmişdi ki, küçələrə çıxan hər bir kəs təqib olunacaq. Ancaq aksiyaların keçirilib-keçirilməməsi barədə hələlik dəqiq məlumat əldə edə bilməmişik.
VOA Azerbaijani Radiosuna:http://www.voanews.com/azerbaijani/archive/2009-07/2009-07-21-voa10.cfm?moddate=2009-07-21
Comments
Post a Comment