"Onların əksəriyyəti azərbaycanlılardır"
"İran həbsxanaları siyasi məhbuslarla doludur"
İnsafəli Hidayət: "Onların əksəriyyəti azərbaycanlılardır"
İran 2007-ci ildə edam cəzasının tətbiqinə görə dünya dövlətləri arasında yerini qorudu. Yəni fars-molla rejimi Çindən sonra öz vətəndaşlarını dara çəkən ikinci ölkə olaraq qalmaqda davam edir. Ötən il bu ölkədə 271 nəfər edam olunub. Ancaq dara çəkilənlərin sayının 300 nəfərdən çox olduğu barədə də məlumatlar var. Bunu Kanadada mühacirət həyatı yaşayan güneyli jurnalist İnsafəli Hidayət bildirib. Onun sözlərinə görə, bu insanlar şəhərlərin mərkəzi meydanlarında yerli camaatın gözü qarşısında dara çəkiliblər.
Real
Bunların arasında siyasi məhbuslar üstünlük təşkil edir: "Axı İranda öz tarixi torpaqlarında yaşayan qeyri-fars millətləri öz milli və mədəni hüquqlarının bərpa etmək uğrunda mübarizə aparırlar. Ona görə də ölkə həbsxanaları siyasi məhbuslarla demək olar doludur. Onların da əksəriyyətini Azərbaycan türkləri təşkil edir. Ancaq ötən il ərzində bir nəfər də olsun güneyli siyasi məhbusun dar ağacına çəkilməməsi sevindirici haldır. Edam olunanlar ərəblər, bəluclar və digər qeyri-fars millətləridir. Çünki Azərbaycan türklərindən fərqli olaraq, həmin millətlər İran rejiminə qarşı silahlı mübarizə aparırlar, terraktlar törədirlər. Soydaşlarımız dinc mübarizə apardıqlarından belə ağır cəzaya məruz qalmırlar. Ancaq buna baxmayaraq, fars-molla rejiminin ciddi təqib və təzyiqlərilə üzləşirlər, həbs olunurlar, işgəncələrə məruz qalırlar". İnsafəli Hidayət qeyd edib ki, 2007-ci il İranda mətbu orqanlar və jurnalistlərə qarşı da basqılar artıb. Belə ki, xeyli sayda jurnalist həbs olunub, qəzetlər, jurnallar qapadılıb. Hətta xarici KİV-lərdə çalışan İran əsilli jurnalistlər də həbs olunaraq uzun müddət həbsxanalarda təkadamlıq kameralarda saxlanılıblar. Halbuki onların əksəriyyəti yalnız yaxın qohumlarını ziyarət etmək üçün öz ölkələrinə gəlmişdilər. Ancaq casusluqda ittiham olundular və sonradan külli miqdarda girov müqabilində sərbəst buraxıldılar: "Təbii ki, həbslər güneyli jurnalistlərdən də yan keçmədi və hazırda bir neçə yazar həbsxanadadır. Bundan əlavə, "İLHA" xəbər agentliyi, "Şərq" və "Dilmanc" qəzetləri qapadıldı". Güneyli jurnalist vurğulayıb ki, ötən il İranda tələbələrin mübarizəsi yeni mərhələyə qədəm qoyub. İlboyu etiraz aksiyaları həyata keçirilib, 550 tələbə həbsə alınıb və hazırda onların öndə gedənləri məhbus həyatı yaşayırlar. Eyni zamanda 30-a yaxın tələbə dərgisi qapadılıb. Bundan əlavə, müəllimlər, fəhlələrin etirazları olub və həmin aksiyaların təşkilatçıları da hazırda həbsxanadadırlar. Qeyd edək ki, yanvarın 15-də "Amnesty İnternational" (Beynəlxalq Əfv Təşkilatı) İranda insan hüquqlarının kobud şəkildə pozulmasıyla əlaqədar növbəti hesabat yayaraq fars-molla rejimindən edam hökmünün ləğvini tələb edib.
http://www.xalqcebhesi.az/news.php?id=1408
Comments
Post a Comment