Tuesday, January 12, 2010

ONLARIN ARASINDA AZƏRBAYCANLI DA VAR

print
İRANIN 7 NARAZI YAZIÇI və JURNALİSTİ BEYNƏLXALQ MÜKAFATA LAYİQ GÖRÜLÜB. ONLARIN ARASINDA AZƏRBAYCANLI DA VAR
2007-02-07 - 17:24:00

İranın 7 narazı yazıçı və jurnalisti beynəlxalq «Hellmən-Həmmet» mükafatına layiq görülüb. «Media forum» saytı «Hyuman Rayts Votç» təşkilatının fevralın 6-da yaydığı məlumata istinadən xəbər verir ki, dünyanın 22 ölkəsindən bu mükafata layiq görülən 45 yazardan 7-si İrandandır.

«Hyuman Rayts Votç»un Orta Şərq bölməsinin direktoru Sara Li Vitson mükafata layiq görülmüş iranlı yazarlar haqqında deyib: «2006-cı il iranlı yazarlar üçün çətin il olub. Onlar nəşr sahəsində tətbiq edilən və çoxlu məhdudiyyətə səbəb olan ağır qanunların hakim olduğu bir şəraitdə işləmək məcburiyyətində qalıblar. Onların bu qədər məhdudiyyət və təzyiq altında əldə etdikləri yaradıcılıq uğurlarının dünya ictimaiyyətinə çatdırılması böyük əhəmiyyət daşıyır».

«Media forum» saytının məlumatına görə, mükafatı qazanan yazarlar arasında azərbaycanlı jurnalist İnsafəli Hidayət də var.

İnsafəli Hidayət Təbrizdəndir və hazırda da bu şəhərdə yaşayır. 41 yaşı var. İranın Şərqi Azərbaycan ostanında insan hüquqlarının pozulması ilə bağlı vaxtaşırı müxtəlif xarici radiolarda müsahibə və bəyanatları yayılır. 2003-cü ildə 18 ay həbs cəzasına məhkum edilib. Həmin müddətin 74 gününü təkadamlıq kamerada keçirib.

«Hellmən-Həmmet» mükafatına layiq görülən, İrandan olan digər yazıçı və jurnalistlər bunlardır:

Əli Əşrəf Dərvişiyan. 65 yaşı var. Roman və hekayələr yazır. 20-dən artıq kitabın müəllifidir. 4 ilə yaxındır kitabları İrşad Nazirliyinin senzurasına məruz qalır.

Şəhram Rəfizadə. 34 yaşı var. Şair və jurnalistdir. ETTELAAT-ın dissident ziyalıları zəncirvari ardıcılıqla qətlə yetirməsi haqda 1998-ci ildə ifşaedici yazılarla mətbuatda çıxış edib. 2004-cü ildə tutularaq 86 gün təkadamlıq kamerada saxlanılıb.

Ruzbeh Mir İbrahimi. 27 yaşı var. Jurnalistdir. 2003-cü ildə İran əsilli Kanada vətəndaşı, jurnalist Zəhra Kazıminin ETTELAAT-ın həbsxanasında müəmmalı şəkildə dünyasını dəyişməsi ilə əlaqədar jurnalist təhqiqatı aparıb. 2004-cü ildə tutularaq 60 gün təkadamlıq kamerada saxlanılıb.

Arəş Siqarçi. 25 yaşı var. Jurnalistdir. Öz internet bloqunda İranda insan hüquqlarının pozulması haqda yazılarla çıxış edib. 14 il həbs cəzası alıb. Sonradan cəza müddəti 3 ilə endirilib. Son vaxtlar onun xərçəng xəstəliyinə tutulduğu da bəlli olub.

Əli Əfşari. 33 yaşı var. İranda tələbə hərəkatının tanınmış simalarındandır. 2000-ci ildə 3 il həbs cəzasına məhkum edilib. Həmin müddətin 328 gününü təkadamlıq kamerada keçirib.

Həsən Zarezadə Ərdəşir. 29 yaşı var. Ölkədə insan hüquqlarının vəziyyəti haqqında yazılarla çıxış edib. Dəfələrlə həbs olunub. 2003-cü ildə 8 ay Tehranın Evin həbsxanasında saxlanılıb.

«Hellmən-Həmmet» mükafatı 1989-cu ildə amerikalı yazarlar Lillian Hellmən və Daşiel Həmmetin «Hyuman Rayts Votç»a müraciətindən sonra təsis olunub. Bu pul mükafatı öz ölkəsində təqiblərə məruz qalan qələm adamlarına yardım göstərmək, eyni zamanda onların əməyini qiymətləndirməklə senzuraya və söz azadlığına qarşı təzyiqlərə diqqət çəkmək məqsədilə verilir. Bəzi hallarda mükafata layiq görülən şəxsin və onun ailə üzvlərinin əlavə təqibələrlə üzləşməməsi üçün lauraeatın adı ictimaiyyətə açıqlanmır.


No comments:

Post a Comment

گونئی آزربایجان سیاسی پارتیلری "دوشونجه باغی"یندا سیاستلرین آچیلقیرلار

  گونیی آزربایجان سیاسی تشکیلاتلارین لیدر/سوزچولری "دوشونجه باغی" آدلی اوتاقدا، سیاستلرین، مرامنامه‌لرین و ایستیراتئژی‌لرین آچیقلا...